AVRO-2020-yə 100 gün qaldı: Mütəxəssislər danışır - VİDEO

AVRO-2020-yə 100 gün qaldı: Mütəxəssislər danışır - VİDEO Bu il keçiriləcək futbol üzrə Avropa çempionatının başlamasına 100 gün qalıb.
Futbol
4 Mart , 2020 18:26
AVRO-2020-yə 100 gün qaldı: Mütəxəssislər danışır - VİDEO

Bu il keçiriləcək futbol üzrə Avropa çempionatının başlamasına 100 gün qalıb.

"Report" əlamətdar günlə bağlı Azərbaycanın beynəlxalq dərəcəli hakim-inspektoru Asim Xudiyev, AVRO-2020-nin Bakı üzrə səfiri, veteran futbolçu Vəli Qasımov və AFFA-nın Hakimlər və Hakim-İnspektorlar Komitəsinin sədri Frits Stuxlikdən açıqlama alıb.

Bakının Avropa çempionatına ev sahibliyi etməsinin önəmini vurğulayan futbol adamları turnirin Azərbaycan üçün faydalarından söz açıblar.

A.Xudiyev bildirib ki, belə bir yarışın Azərbaycana həvalə olunması ölkəyə olan etimadın nəticəsidir: “UEFA quruma üzv olan bütün ölkələrə şərait yaradır ki, bu cür yarışlara ev sahibliyi etsin. Əvvəlki turnirlərdə təşkilatçılığımız göstərdi ki, Azərbaycan belə oyunları yüksək səviyyədə keçirə bilər. Avropa çempionatının oyunları üçün ölkəmizə gələcək turistlər də bu təşkilatçılığı hiss edəcəklər”.

Vəli Qasımovun fikrincə, AVRO-2020-nin 4 oyununun Bakıda keçirilməsi yerli azarkeşlər üçün əsl bayramdır: “Turnir ölkəmizə hərtərəfli xeyir verəcək. İnsanlar var ki, Azərbaycan haqqında eşidiblər, amma buranı görməyiblər. Onlar bura gələndən sonra Azərbaycanın necə inkişaf etmiş ölkə, Bakının gözəl şəhər olduğunu görəcəklər. Paytaxtımız gündən-günə gözəlləşir. Bakıya gələnlər bir daha şəhərimizi görmək istəyirlər. Avropa Liqasının final oyununu yüksək səviyyədə təşkil etdik. Məncə, qarşıdakı 4 matç da eyni qaydada keçiriləcək”.

Frits Stuxlik Avropa çempionatının oyunlarının Bakıda keçirilməsinin ölkə iqtisadiyyatına xeyir verəcəyini vurğulayıb: “Azərbaycan xalqı futbolla yaxından maraqlanır. Bu, onların futbol bayramına canlı şahidlik etməsi, böyük komandaları yaxından görməsi, yüksək səviyyəli oyunlar izləməsi üçün yaxşı fürsət olacaq. Həmçinin hakimlərimiz də tanınmış FİFA referilərinin idarəçiliyini izləyəcəklər. Azərbaycan UEFA tərəfindən seçilib. Bu, o deməkdir ki, ölkə UEFA-nın diqqət mərkəzindədir. Digər tərəfdən, oyunlar vaxtı Azərbaycana çoxlu azarkeş gələcək. Bu isə öz növbəsində ölkə iqtisadiyyatına xeyir verəcək”.

Qeyd edək ki, Avropa çempionatı yarışın 60 illik yubileyi şərəfinə ilk dəfə 12 fərqli şəhərdə baş tutacaq. Futbolsevərlər 51 maraqlı matça şahidlik edəcəklər. A qrupunun 3 oyunu və 1/4 final mərhələsinin bir qarşılaşması Bakıda olacaq.

İyunun 13-də Bakı Olimpiya Stadionunda Uels və İsveçrə yığmaları üz-üzə gələcək. İyunun 17-də Türkiyə - Uels, iyunun 21-də isə İsveçrə - Türkiyə matçları Azərbaycan paytaxtında təşkil olunacaq. Bundan başqa, 1/4 final mərhələsinin bir oyunu Bakıda keçiriləcək. AVRO-2020-nin açılış matçında İtaliya və Türkiyə milliləri Romadakı “Olimpiko” stadionunda qarşılaşacaqlar.

Avropa çempionatı Bakı ilə yanaşı, London (İngiltərə), Münhen (Almaniya), Sankt-Peterburq (Rusiya), Roma (İtaliya), Kopenhagen (Danimarka), Buxarest (Rumıniya), Amsterdam (Hollandiya), Dublin (İrlandiya), Bilbao (İspaniya), Budapeşt (Macarıstan) və Qlazqoda (Şotlandiya) təşkil olunacaq.

Son xəbərlər

Orphus sistemi