AVRO-2020: Bakıdakı oyunlarda məhdud sayda tamaşaçının iştirakına icazə verildi - RƏSMİ

AVRO-2020: Bakıdakı oyunlarda məhdud sayda tamaşaçının iştirakına icazə verildi - RƏSMİ 2021-ci ildə futbol üzrə Avropa çempionatının Bakı şəhərində keçiriləcək 4 oyununda məhdud sayda tamaşaçının iştirakına icazə verilib
Futbol
26 May , 2021 17:30
AVRO-2020: Bakıdakı oyunlarda məhdud sayda tamaşaçının iştirakına icazə verildi - RƏSMİ

Futbol üzrə Avropa çempionatının Bakıda keçiriləcək 4 oyununda məhdud sayda tamaşaçının iştirakına rəsmən icazə verilib.

"Report"un xəbərinə görə, bu barədə Nazirlər Kabinetinin qərarında bildirilib.

Daha əvvəl Nazirlər Kabineti yanında Operativ Qərargahın və AVRO-2020-nin yerli təşkilat komitəsinin birgə iclasında UEFA-nın tövsiyələri və Bakı şəhərində pandemiya ilə bağlı mövcud vəziyyət nəzərə alınaraq, Bakıda keçiriləcək 4 oyunun hər birində Bakı Olimpiya Stadionunun ümumi tamaşaçı tutumunun 50 faizi qədər azarkeşin COVID-19-la bağlı müvafiq prosedurların yerinə yetirilməsi şərti ilə iştirak edə biləcəyi barədə qərar qəbul olunub.

Qərar yerli azarkeşlərlə yanaşı, oyunlarda iştirak edən milli komandaların mənsub olduğu ölkələrin vətəndaşlarına da şamil olunacaq (viza və koronavirusla bağlı müvafiq tələblərin yerinə yetirilməsi şərti ilə).

Məsələ ilə bağlı bütün zəruri məlumatlar UEFA-ya təqdim olunub.

Qeyd edək ki, AVRO-2020 bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir. Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.

Son xəbərlər

Orphus sistemi