Bakı. 26 aprel. REPORT.AZ/ Bakıda 17 yaşadək futbolçular arasında keçiriləcək Avropa çempionatının açılış oyununa 25 minə yaxın bilet satılıb. Bu barədə "Report"a Avropa çempionatının Yerli Təşkilat Komitəsinin media direktoru Firuz Abdulla məlumat verib.
Onun sözlərinə görə, biletlərin sahibləri Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan-Portuqaliya matçını və açılış mərasimini izləyə biləcəklər.
Bundan başqa, F.Abdulla bildirib ki, paytaxta gələcək komandalar, UEFA nümayəndələri və qurumun əməkdaşları "Boulevard Hotel"də məskunlaşacaqlar. Oyunları idarə edəcək hakimlər isə "Kempinski" oteldə qalacaqlar.
Qeyd edək ki, mayın 5-də keçiriləcək Avropa çempionatının rəsmi açılış oyunu saat 20:00-da başlayacaq.