Azərbaycanın əsas və aşağı yaş qruplarından ibarət millilərinin kapitanları Almaniyada keçiriləcək Avropa çempionatı ilə bağlı fikirlərini bölüşüblər.
Futbolçular “Report”a azarkeşlik etdikləri və favorit saydıqları komandaların adlarını açıqlayıblar.
Emin Mahmudov (əsas milli): “Kriştianu Ronalduya görə Portuqaliya millisinə azarkeşlik edəcəyəm. Çünki onu çox bəyənirəm. İstəyirəm ki, növbəti dəfə Avropa çempionluğunu qazansın. Əsas favorit isə, əlbəttə, Fransa yığmasıdır. Portuqaliya və İngiltərə millilərinin də çempionluq şansı var".
Fərid Yusifli (U-21): “Avropa çempionatının qalibi kimi Fransanı görürəm. Ancaq Türkiyə millisinə azarkeşlik edəcəyəm”.
Nihad Əhmədzadə (U-19): "Avropa çempionatında Portuqaliya millisinə azarkeşlik edəcəyəm. Çempion kimi də məhz bu komandanı görürəm".
Həsən Nəzərli (U-18): “İngiltərə və ya Fransanın çempion olacağını düşünürəm. Bir də çempionluğa sürpriz namizəd Türkiyə ola bilər. Azarkeşlik edəcəyim komanda isə Türkiyədir”.
Tuncay Əhmədov (U-17): “Portuqaliya millisinə azarkeşlik edəcəyəm. Lakin fikrimcə, Avropa çempionu Fransa olacaq”.
Qeyd edək ki, Avropa çempionatı iyunun 14-dən iyulun 14-nə qədər Almaniyada keçiriləcək.