AVRO-2020: İsveç, İspaniya və Ukrayna 1/8 finalda

AVRO-2020: İsveç, İspaniya və Ukrayna 1/8 finalda Futbol üzrə Avropa çempionatının E qrupunda sonuncu turun oyunları keçirilib.
Futbol
1476
23 İyun , 2021 21:54
AVRO-2020: İsveç, İspaniya və Ukrayna 1/8 finalda

Futbol üzrə Avropa çempionatının E qrupunda sonuncu turun oyunları keçirilib.

"Report"un məlumatına görə, III turda İspaniya Slovakiya ilə üz-üzə gəlib.

Sevilya şəhərində "Estadio La Cartuja" stadionunda keçirilmiş qarşılaşma ispanların 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. İspaniyanın heyətində Alvaro Morata 12-ci dəqiqədə penaltidən yararlana bilməyib. 30-cu dəqiqədə slovakiyalı qapıçı Martin Dubravka avtoqol müəllifi olub. 45+3-cü dəqiqədə Emerik Laport, 56-cı dəqiqədə Pablo Sarabiya, 67-ci dəqiqədə isə Ferran Torres rəqibi məyus edib. 71-ci dəqiqədə isə Yuraj Kuçka topu öz qapısına vurub.

Xallarının sayını 5-ə çatdıran İspaniya qrup ikincisi kimi 1/8 final mərhələsinə vəsiqə qazanıb. Luis Enrikenin baş məşqçi olduğu kollektiv növbəti raundda Xorvatiya ilə üz-üzə gələcək.

Qrupun digər görüşündə İsveç Polşa ilə qarşılaşıb. Rusiyanın Sankt-Peterburq şəhərindəki oyun İsveçin 3:2 hesablı qələbəsi ilə bitib. İsveçin heyətində Emil Forsberq 2 və 59-cu dəqiqədə fərqlənib. Robert Levandovski 61-ci dəqiqədə fərqi azaldıb, 84-cü dəqiqədə isə bərabərlik qolunu vurub. 90+4-cü dəqiqədə Viktor Klasson oyunda son nöqtəni qoyub. İsveç 7 xalla qrup lideri kimi mərhələ adlayıb və komandanın rəqibi daha sonra bəlli olacaq.

Slovakiya E qrupunu 3 xalla üçüncü, Polşa isə 1 xalla 4-cü pillədə bitirib. Hər iki komanda qrupda qalıb.

Bu qrupdakı nəticələr C qrupunda mübarizə aparan Ukraynaya sərf edib. Andrey Şevçenkonun baş məşqçi olduğu komanda dörd ən yaxşı qrup üçüncüsündən biri kimi mərhələ adlayıb.

Avropa çempionatı

E qrupu, III tur

20:00. İsveç - Polşa - 3:2

Qollar: Emil Forsberq, 2. 59. Viktor Klasson, 90+4 - Robert Levandovski, 61. 84

Baş hakim: Maykl Oliver (İngiltərə)

Sankt-Peterburq, "Sankt-Peterburq Arena"

20:00. Slovakiya - İspaniya - 0:5

Qollar: Martin Dubravka (avtoqol), 30. Emerik Laport, 45+3. Pablo Sarabiya, 56. Ferran Torres, 67. Yuraj Kuçka (avtoqol), 71

Qeyri-dəqiq penalti: Alvaro Morata, 12

Baş hakim: Byörn Kuypers (Niderland)

Sevilya, "Estadio La Cartuja" stadionu

Xal durumu: İsveç - 7, İspaniya - 5, Slovakiya - 3, Polşa - 1

Son xəbərlər

Orphus sistemi