AVRO-2020: Bakıya gələn azarkeşlərə güzəşt ediləcək

AVRO-2020: Bakıya gələn azarkeşlərə güzəşt ediləcək Digər təşkilatçı şəhərlərdə isə karantin tələblərinə tam əməl olunmalıdır
Futbol
9 Aprel , 2021 20:14
AVRO-2020: Bakıya gələn azarkeşlərə güzəşt ediləcək

AVRO-2020-nin Bakıdakı oyunlarını izləmək üçün Azərbaycana gəlmək istəyən azarkeşlərin koronavirus pandemiyası ilə bağlı səyahət məhdudiyyətlərindən azad edilməsi planlaşdırılır.

"Report" UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu istisna yalnız Bakı Olimpiya Stadionunda üz-üzə gələcək yığmaların fanatlarına şamil olunacaq.

Tərəfdarlar son koronavirus testinin mənfi çıxdığını sübut edən sənədi və oyun biletini təqdim etməklə viza ala biləcəklər.

Bakı ilə yanaşı, Rusiyanın Sankt-Peterburq şəhəri və Rumıniyanın paytaxtı Buxarestə gələn bilet sahibləri onları ölkəyə giriş qadağalarından və ya karantin tələblərindən azad edəcək xüsusi prosedurlardan yararlana bilərlər.

Digər təşkilatçı şəhərlərdə isə karantin tələblərinə tam əməl olunmalıdır.

Qeyd edək ki, koronavirus pandemiyasına görə təxirə salınmış AVRO-2020-yə Sankt-Peterburq (Rusiya), London (İngiltərə), Münhen (Almaniya), Roma (İtaliya), Buxarest (Rumıniya), Dublin (İrlandiya), Kopenhagen (Danimarka), Bilbao (İspaniya), Qlazqo (Şotlandiya), Budapeşt (Macarıstan) və Amsterdam (Niderland) şəhərləri də ev sahibliyi etməlidir. Oyunlar bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir.

Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək. 4 oyununun hər birində ümumi tamaşaçı tutumunun 50 faizi qədər azarkeş iştirak edə biləcək.

Son xəbərlər

Orphus sistemi