​AVRO-2016: Türkiyənin 1/8 finala vəsiqə qazanmaq şansları yüksək qiymətləndirilir

​AVRO-2016: Türkiyənin 1/8 finala vəsiqə qazanmaq şansları yüksək qiymətləndirilir Komanda bir neçə halda "play-off"a çıxmış olacaq
Futbol
121
22 İyun , 2016 08:48
​AVRO-2016: Türkiyənin 1/8 finala vəsiqə qazanmaq şansları yüksək qiymətləndirilir

Bakı. 22 iyun. REPORT.AZ/ Fransada keçirilən Avropa çempionatının qrup mərhələsinin son turu çərçivəsində Çexiya üzərində qazanılan 2:0-lıq qələbə ilə Türkiyə millisi 1/8 finala yüksəlmək imkanı əldə edib.

"Report" xəbər verir ki, qaydalara əsasən, qrupdan ilk 2 yeri tutan komandalarla yanaşı, 3-cü yerin 6 sahibindən 4-ü də "play-off"a vəsiqə qazanacaq.

Hələlik 4 qrupda mübarizəyə yekun vurulub. 3-cü yer sahiblərindən Slovakiya "B" qrupunda 4 xalla, Şimali İrlandiya isə "C" qrupunda 3 xalla (top fərqi - 2:2) 1/8 finala vəsiqəni təmin edib. Türkiyənin də 3 xalı var, amma top fərqində (2-4) yalnız Albaniyanı (1-3) üstələyir.

Beləliklə, bu gün "E" və "F" qruplarında keçiriləcək son tur qarşılaşmalarından sonra 3-cü yeri tutanlardan birinin göstəricisinin daha aşağı olması kifayət edir ki, Türkiyə ən yaxşı göstəriciyə malik 4 "üçüncü"dən birinə çevrilsin. Bunun üçün "E" qrupunda artıq 1/8 finala vəsiqəni təmin etmiş İtaliyanın (6 xal) İrlandiyaya (1 xal) uduzmaması, yaxud İsveçin (1 xal) Belçikaya (3 xal) qalib gələ bilməməsi, hətta yensə belə, 4 top fərqi ilə qalib gəlməsi lazımdır.

"E" qrupu da alınmasa, "F" qrupunda Portuqaliya (2 xal) Macarıstandan (4 xal) xal almamalıdır. Bu halda İslandiya - Avstriya görüşünün nəticəsi əhəmiyyətini itirir. 

Qeyd edək ki, hazırda növbəti mərhələyə "A" qrupundan Fransa və İsveçrə, "B" qrupundan Uels, İngiltərə və Slovakiya, "C" qrupundan Almaniya, Polşa və Şimali İrlandiya, "D" qrupundan Xorvatiya və İspaniya, "E" qrupundan İtaliya, "F" qrupundan isə Macarıstan yığmaları növbəti mərhələyə adlayıb.

Son xəbərlər

Orphus sistemi