Bu gün AVRO-2016-nın seçmə mərhələsində daha 9 oyun keçiriləcək

Bu gün AVRO-2016-nın seçmə mərhələsində daha 9 oyun keçiriləcək Türkiyə və Hollandiya səfərdə, Norveçlə Xorvatiya evdə oynayacaq
Futbol
10 Oktyabr , 2015 12:37
Bu gün AVRO-2016-nın seçmə mərhələsində daha 9 oyun keçiriləcək

Bakı. 10 oktyabr. REPORT.AZ/ Bu gün futbol üzrə Avropa çempionatının seçmə mərhələsində IX tura yekun vurulacaq. "Report"un məlumatına görə, turun son oyun günündə 3 qrupda 9 qarşılaşma baş tutacaq.

Beynəlxalq arenada əsas diqqətlər A qrupundakı Çexiya - Türkiyə matçına yönələcək. Çexiya artıq İslandiya ilə birgə AVRO-2016-nın final mərhələsinə vəsiqəni təmin etdiyi halda, Türkiyə Hollandiya ilə qrup 3-cülüyü uğrunda mübarizə aparır. "Narıncılar"ın Qazaxıstanla səfər matçı daha tez başlayacağından, baş məşqçi Fatih Terimin komandası əsas rəqibinin oyununun nəticəsindən xəbərdar olacaq. Son zamanlar uğurlu təsir bağışlamayan Hollandiya Astanada uduzsa, Türkiyəyə "pley-off" vəsiqəsi üçün 1 xal da kifayət edəcək. Astanada qonaqlar heç-heçə etsə, "ay-ulduzlular"ı qələbə qrupdan çıxaracaq. Fransaya vəsiqəni ötən tur təmin etmiş İslandiyanın Latviya ilə ev oyunu isə formal xarakter daşıyır.

B qrupundan final mərhələsinə hələ vəsiqə qazanan olmayıb. Amma hazırda buna ən yaxın olanı Belçikadır. Çünki "qırmızı şeytanlar" hələ də xala həsrət qalan Andorra ilə qarşılaşacaq. Qrup lideri Uelsi "pley-off" şanslarını qoruyan Bosniya və Herseqovina ilə çətin səfər matçı gözləyir. Kipri qəbul edəcək İsrail yığmasının isə birbaşa vəsiqəyə nəzəri şansları qalır.

Azərbaycan millisinin İtaliya ilə ev oyununu keçirəcəyi H qrupunda final mərhələsinə vəsiqə uğrunda 3 komanda mübarizə aparır. Hazırda ilk pillədə olan İtaliya yığması Bakıdan qalib ayrılsa, qonşu Fransada iştirakını təmin edəcək. Maltanı qəbul edəcək Norveç də, Bolqarıstanı qonaq edəcək Xorvatiya da buna çox yaxındır. Amma Zaqrebdəki matç qrupun ən çətin oyunu sayılır. Meydan sahiblərinin yeni baş məşqçi Ante Kaçiçin rəhbərliyi altında necə çıxış edəcəkləri maraq doğurur. Meydan sahiblərinin qələbəsi və ya heç-heçəsi Azərbaycan millisi üçün də vacibdir. Çünki Robert Prosineçkinin rəhbərlik etdiyi komandanın bu halda 4-cü pillə uğrunda Bolqarıstanla son tura təsadüf edəcək görüşdə qələbənin önəmi olacaq.  

A qrupu

21:00. İslandiya - Latviya

Baş hakim: Aleksey Yeskov (Rusiya)

Reykyavik, "Lauqardalsvöllur" stadionu

21:00. Qazaxıstan - Hollandiya

Baş hakim: Kleman Türpen (Fransa)

Astana, "Astana Arena"

23:45. Çexiya - Türkiyə

Baş hakim: Martin Atkinson (İngiltərə)

Praqa, "Generali Arena"

Xal durumu: İslandiya - 19, Çexiya, 19, Türkiyə - 12, Hollandiya - 10, Latviya - 4, Qazaxıstan - 2.

B qrupu

23:45. Andorra - Belçika

Baş hakim: Pavel Gil (Polşa)

Andorra la Vella, "Estadi Nasyonal"

23:45. Bosniya və Herseqovina - Uels

Baş hakim: Alberto Undiano Malyenko (İspaniya)

Zenitsa, "Bilino polye"

23:45. İsrail - Kipr

Baş hakim: Manuel De Souza (Portuqaliya)

Yerusəlim, "İtztadion Teddi"

Xal durumu: Uels - 18, Belçika - 17, İsrail - 13, Bosniya və Herseqovina - 11, Kipr - 9, Andorra - 0.

H qrupu

21:00. Azərbaycan - İtaliya

Baş hakim: Uilyam Kollum (Şotlandiya)

Bakı Olimpiya Stadionu

21:00. Norveç - Malta

Baş hakim: Arnold Hanter (Şimali İrlandiya)

Oslo, "Ullevaal" stadionu

23:45. Xorvatiya - Bolqarıstan

Baş hakim: Artur Soares Dias (Portuqaliya)

Zaqreb, "Maksimir" stadionu

Xal durumu: İtaliya - 18, Norveç - 16, Xorvatiya - 14, Bolqarıstan - 8, AZƏRBAYCAN - 6, Malta - 2. 

Qeyd edək ki, indiyədək AVRO-2016-nın final mərhələsinə 9 ölkə vəsiqə qazanıb. Bunlar təşkilatçı Fransa, eləcə də İslandiya və Çexiyadan əlavə, İspaniya, İsveçrə, Avstriya, İngiltərə, Şimali İrlandiya və Portuqaliya yığmalarıdır.

Son xəbərlər

Orphus sistemi