Bakı. 13 iyun. REPORT.AZ/ Bu gün Fransada keçirilən futbol üzrə Avropa çempionatının "E" qrupu çərçivəsində ilk oyun baş tutub.
"Report" xəbər verir ki, qrupun ilk matçında İsveç və İrlandiya yığmaları üz-üzə gəlib.
Maraqlı keçən qarşılaşmada hesabı ilk açan irlandlar olub. Vesley Hoolahan 48-ci dəqiqədə komandasının və özünün turnirdə ilk qolunu vurub. Qoldan sonra İsveç İrlandiya qapısı önündə təzyiqi artırıb və 71-ci dəqiqədə istəyinə nail olub. Belə ki, hücum zamanı Zlatan İbrahimoviçin kənardan qapı önünə ötürməsini rəqib komandanın futbolçusu Ciaran Clark qola çevirib və avtoqola imza atmış olub. Matç 1:1 hesabı ilə başa çatıb.
Bu qrupda növbəti qarşılaşma Bakı vaxtı ilə axşam saat 23:00-da İtaliya və Belçika yığmaları arasında keçiriləcək.