Aslan Kərimov: "Emreli özündə də günah axtarmalıdır"

Aslan Kərimov: "Emreli özündə də günah axtarmalıdır" "Mediada yazılanlardan da göründüyü kimi, Mahir həmin komandada xoşbəxt ola bilmədi".
Futbol
3 Fevral , 2022 18:05
Aslan Kərimov: Emreli özündə də günah axtarmalıdır

"Mediada yazılanlardan da göründüyü kimi, Mahir həmin komandada xoşbəxt ola bilmədi".

Bunu "Report"a açıqlamasında AFFA-nın məşqçi kurslarının maarifləndirmə üzrə direktoru Aslan Kərimov Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin Polşa "Legiya"sını Xorvatiyanın "Dinamo" (Zaqreb) klubuna dəyişməsi barədə deyib.

Mütəxəssis bildirib ki, 25 yaşlı hücumçu Varşava təmsilçisində qalsaydı, böyük uğurlara nail ola bilməyəcəkdi: "Hər iki tərəfin mənafeyi baxımından Mahirin orada oynamağa davam etməsi mənasız idi. Məsələnin nə cür həll olunduğunu deyə bilmərəm. Amma çıxış yolu kimi "Dinamo"ya keçməsi doğru addımdır. Zaqreb təmsilçisi təcrübəli komandadır".

Veteran futbolçu Emrelinin "Dinamo"ya keçidini geriyə addım saymadığını söyləyib: "İki komandanı müqayisə etmək çətindir. Bəlkə də Polşa təmsilçisi daha strukturlu klubdur. Amma "Dinamo" daha yaradıcı, fərdi keyfiyyətləri yüksək olan futbolçulara malikdir. Bu mənada, Mahir öz kreativliyini orada nümayiş etdirə biləcək. Zaqreb təmsilçisi güc baxımından da "Legiya"dan geri qalan kollektiv deyil".

Milli üzvünün "Legiya"dan azarkeş məsələsinə görə ayrıldığını xatırladan Kərimov "Dinamo"nun da çılğın fanatlara sahib olduğunu söyləyib. O, Emrelini bundan sonra daha diqqətli olmağa çağırıb: "Dünyada bəlli azarkeş qrupu var ki, onlar barmaqla sayılır. Belə fanat ordusundan biri də "Dinamo"ya məxsusdur. Avropada xorvatların temperamentini qafqazlılara oxşadırlar. Bu baxımdan çox amansız azarkeş ordusuna malikdirlər. Harada olmasından asılı olmayaraq, futbol azarkeşlər üçün oynanılır. İstənilən halda, Mahir hərəkətlərinə bir az diqqət etmək məcburiyyətində olacaq. "Legiya"da yaşananlar onun üçün müəyyən təcrübə oldu. Zəif klubların belə, fanatik azarkeşləri olur. Onlar isə bəzən axmaq hərəkətləri ilə seçilə bilirlər. Mahir bunları nəzərə almalı, bir az özündə də günah axtarmalıdır".

AFFA rəsmisi Azərbaycan millisinin xorvatiyalı sabiq baş məşqçiləri Robert Prosineçki ilə Nikola Yurçeviçin futbolçunun "Dinamo"ya keçidində ciddi rol oynamadıqlarını düşünür: "Bəlkə də skautlar onlardan Mahir barədə nəsə soruşublar. Amma bu, çox aşağı ehtimaldır. Çünki Prosineçki 5-6, Yurçeviç isə 3-4 il əvvəl yığmada işləyib. Onların uzun müddətdir görmədikləri oyunçu barədə fikir bildirmələri düzgün deyil. Mahir "Legiya"nın heyətində Avropa nəhənglərinə qarşı oynadı. Düşünürəm ki, transfer əsasən bu matçlarda sərgilənən oyunun sayəsində gerçəkləşdi".

Aslan Kərimov futbolçu karyerası ərzində 1999-cu ildə Rusiyada legioner həyatı yaşayıb. Keçmiş yarımmüdafiəçi "Baltika" klubunun formasını geyinib.

Qeyd edək ki, Mahir Emreli "Dinamo" ilə 4,5 illik müqavilə imzalayıb.

Son xəbərlər

Orphus sistemi