​"Anderlext"in baş məşqçisi: "Qol vurduq, sayılmadı"

​"Anderlext"in baş məşqçisi: "Qol vurduq, sayılmadı" "Bunu futbolçularımın reaksiyasına əsasən belə deyirəm"
Futbol
2 Oktyabr , 2015 01:39
​Anderlextin baş məşqçisi: Qol vurduq, sayılmadı

Bakı. 2 oktyabr. REPORT.AZ/ "Ələ düşən imkanlardan yararlana bilmirsənsə, məğlubiyyət də qaçılmaz olur. İkinci hissədə etdiklərimizi əvvəldə etməli idik".

"Report"un məlumatına görə, bunu Avropa Liqasının qrup mərhələsinin II tur matçında "Qarabağ"a 0:1 hesablı məğlubiyyətdən sonra Belçika "Anderlext"inin baş məşqçisi Besnik Hasi deyib.

Təcrübəli mütəxəssis "Qarabağ"ın 2 şansdan 1-ini reallaşdırdığı halda komandasının 6 qol vəziyyətindən yararlana bilmədiyini bildirib. O, qol imkanlarını yararlanmaq üzərində işləyəcəklərini söyləyib. Qrupda ilk 2 oyunu uda bilməmələrindən təəssüflənən Hasi istedad və bacarıq hesabına deyil, sona qədər mübarizə hesabına udmalarının gərəkliyini vurğulayıb. "Qarabağ"ın "Tottenhem" və "Neftçi" ilə oyunlarını izlədiyini deyən baş məşqçi Ağdam komandasını çox yaxşı kollektiv kimi dəyərləndirib:

"Biz heç vaxt "Qarabağ"a II divizion komandası deməmişik. "Qarabağ"ın bu meydanda 5 oyundur uduzmadığını bilirdik. Amma mən komandamın daha güclü olduğuna inanıram, sadəcə, bunu meydanda göstərmək lazımdır".

Vurduqları qolun sayılmadığını deyən Hasi bunu futbolçuların reaksiyasına əsasən iddia etdiyini bildirib:

"Durduğum yerdən qolun vurulub-vurulmadığını deyə bilmərəm, baxmağım lazımdır. Sadəcə, futbolçularımın reaksiyasına əsasən belə deyirəm".

Son xəbərlər

Orphus sistemi