Almaniya milli komandasının həkimi: "Bədavi Hüseynov yaxın vaxtlarda meydana dönəcək" - MÜSAHİBƏ

Almaniya milli komandasının həkimi: "Bədavi Hüseynov yaxın vaxtlarda meydana dönəcək" - MÜSAHİBƏ "Berti Foqtsla münaqişəm olub"
Futbol
10 May , 2018 18:14
Almaniya milli komandasının həkimi: Bədavi Hüseynov yaxın vaxtlarda meydana dönəcək - MÜSAHİBƏ

Bakı. 10 may. REPORT.AZ/ Futbol üzrə Almaniya milli komandasının həkimi Klaus Ederin "Report"a müsahibəsi

- İki gündür Bakıda seminar keçirirsiniz. Azərbaycanlı həkimlərin bilik səviyyələrini necə qiymətləndirirsiniz?

- Yerli həkimlərin bilik səviyyələri barədə bir söz deyə bilmərəm. Cəmi iki gündür buradayam. Onu deyə bilərəm ki, seminar çox böyük maraqla qarşılanıb. Xeyli suallar verilir. İştirakçıların dərslərdən həzz aldıqlarını hiss edirəm. Mən də belə insanlarla birgə çalışmaqdan çox böyük həzz alıram.

- Daha çox hansı məsələlərə diqqət yetirilir?

- Sualların çoxu onunla bağlıdır ki, oyunçu matçın əvvəllərində və gedişində zədə aldıqda ilkin yardım necə olmalıdır? Necə etmək olar ki, vacib oyunçudursa, meydanda qala bilsin? Kurs iştirakçılarına çatdırdım ki, oyunçu zədə aldıqdan sonra buna reaksiya verməyin, zədədən əvvəl preventiv metodlardan yararlanın. Yəni zədələrin sayının azalması üçün düzgün məşq metodları qurun, futbolçular öz formalarına fikir versinlər.

- Futbolda oyunçunun karyerasını yekunlaşdırmağa vadar edən ən ciddi zədə hansıdır?

- Ən ağır zədə çarpaz bağların qopmasıdır. Arxa çarpaz bağlar qırıldıqda yan çarpaz bağlar da, menisk də qırılır. Bu halda futbolçuların yaşıl meydanlara dönüşü çox uzun - 9-10 ayadək çəkir və hətta karyerasının bitməsinə səbəb olur.

- Azərbaycan millisinin və "Qarabağ"ın futbolçusu Bədavi Hüseynov da bu cür zədə almışdı. Hətta o, sizin klinikada da müalicə kursu keçib. Sizcə, Hüseynov əvvəlki formasına düşə biləcəkmi?

- Bugünkü müasir texnologiya ilə MRT, rentgen, kompüter tomoqrafiyası etmək olar. Bunlarla yanaşı, klinikamızda elə imkanlar var ki, futbolçunun dinamikasını, qaçış cığırlarındakı hərəkətini yoxlaya, əzələlərini ölçə, nəticədə onların yaşıl meydanlara nə zaman qayıdacaqlarına dair diaqnoz qoya bilirik. Bədavinin durumuna sonuncu dəfə bir ay əvvəl baxmışam. Klinikamızı tərk etməmişdən əvvəl onu bir daha yoxladım. Hüseynovun bərpası yaxşı keçdi. Ön çarpaz bağları qırıldığı halda, 6 - 8 aya bərpa olundu. Fikrimcə, yaxın vaxtlarda o, yaşıl meydanlara dönə biləcək.

- Almaniya millisi ilə Bakıya səfərlərinizdə Azərbaycan yığması ilə dəfələrlə üz-üzə gəlmisiniz. Hansı xatirələriniz var?

- Bakının, Azərbaycanın inkişafına çox heyranam. İlk dəfə 2009-cu ildə bura gəldikdə Tofiq Bəhramov adına Respublika stadionunda normal tualet, duş kabinləri belə yox idi. Cəmi bir normal otel - "Hyatt Regency" var idi, orada qalmışdıq. Sonuncu səfərimizdə isə "Hilton"da qaldıq. Azərbaycanda böyük inkişaf gedir. İlk dəfə gəldiyimiz vaxt Dənizkənarı Bulvarın yeni hissələri tikilirdi. Bu gün isə dünyanın ən gözəl bulvarlarından biridir. Atılan addımlar, görülən işlər, inkişaf tempi məni heyran edir, çox xoşuma gəlir və Almaniyaya qayıdanda bunu dostlarıma da deyirəm.

- Berti Foqtsdan Azərbaycan futbolu haqda soruşanda sizə nə deyirdi?

- 1990 - 1998-ci illərdə Almaniya millisində Foqtsla birgə işləmişəm. Onunla işləmək asan deyil, çətin insandır. Lakin futbolu çox sevir. Əlindən gələni edir ki, komanda yaxşı oynasın, nəticə göstərsin və irəliləyişdə olsun. İki Foqts var: Məşqçi və insan. Hər ikisi bir-birindən tam fərqlənir. Mənim də onunla bir məşqçi kimi münaqişəm olub. Lakin sonradan gedib birgə nahar etmişik. İşdə belə münaqişələrin olması normaldır.

- Bioloji əlavələr zədələrə nə dərəcədə kömək edir?

- Mən bunların əleyhinə deyiləm. Çox təbii maddələrdir və onların tərəfdarıyam.

Son xəbərlər

Orphus sistemi