Ağır məğlubiyyətlə vida - REPORTAJ

Ağır məğlubiyyətlə vida - REPORTAJ Priştina. 21 noyabr. REPORT.AZ/ Azərbaycan yığması UEFA Millətlər Liqasının qrup mərhələsinin VI tur matçında Kosovonun qonağı olub.
Futbol
21 Noyabr , 2018 01:48
Ağır məğlubiyyətlə vida - REPORTAJ

Priştina. 21 noyabr. REPORT.AZ/ Azərbaycan yığması UEFA Millətlər Liqasının qrup mərhələsinin VI tur matçında Kosovonun qonağı olub.

"Report"un Priştinaya ezam olunmuş əməkdaşı xəbər verir ki, "Fadil Vokkri" stadionunda keçirilmiş qarşılaşma meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qollardan 3-nü Hollandiya "Herenven"indən dəvət almış yarımmüdafiəçi Arber Zeneli vurub. Daha bir qolun müəllifi isə Amir Rrahmani olub.

Görüşdən iki saat əvvəl müşahidə olunan güclü yağış qarşılaşmanın startı ərəfəsində kəsib. Bununla belə, meydanın sürüşkən olması oyunun gedişinə təsirsiz ötüşməyib.

Azərbaycan millisinin baş məşqçisi Qurban Qurbanov Farer adaları üzərində 2:0 hesablı qələbə qazandıqları ötən oyunla müqayisədə cəmi bir dəyişiklik edib. Zədəli qapıçı Kamran Ağayevin əvəzinə Səlahət Ağayev meydana çıxıb. Kapitan sarğısını isə Maksim Medvedev daşıyıb.

14 minlik tutuma malik stadionu dolduran azarkeşlər Azərbaycan himnini fitə basıblar. Oyun isə rəqibin təzyiqi ilə başlayıb. Artıq 2-ci dəqiqə başlarkən, Kosovo hesabı açıb. Arber Zeneli Riçard Almeydanı keçərək, topu uzaq küncə göndərib.

Bu qol meydan sahiblərini xeyli ruhlandırsa da, tədricən qonaq komanda topa nəzarəti əlinə almağa başlayıb. Rəqib qapısına doğru ilk zərbəni 25-ci dəqiqədə Dmitri Nazarov endirib. Lakin onun uzaqdan zərbəsi aralı keçib. Ən real qol vəziyyəti isə 41-ci dəqiqədə yaranıb. Riçard Almeydanın uzaqdan zərbəsini Aryanet Muriç çətinliklə qaytarıb, Araz Abdullayevin təkrar zərbəsi isə qapıdan aralı keçib. Bundan bir dəqiqə sonra Benjamin Kololli fərqi artırmağa yaxın olub. Onun yaxın məsafədən zərbə endirməsinə müdafiəçi mane olub.

İlk yarı Dmitri Nazarovun 11-ci, Araz Abdullayevin isə 45-ci dəqiqədə sarı vərəqə almaları ilə də yadda qalıb.

İkinci hissəyə Azərbaycan millisi oyunçu dəyişikliyi ilə başlayıb. İlk yarıda heç nə ilə yadda qalmayan Rüfət Dadaşovu Əfran İsmayılov əvəzləyib. Belədə yerini İsmayılova verən Mahir Mədətov mərkəz hücumçusu mövqeyinə çəkilib.

Bu dəfə də Kosovo erkən qol vurub. 50-ci dəqiqədə Arber Zeneli qapıçı ilə təkbətək çıxaraq, topu tora göndərib. Bundan sonra Azərbaycan millisinin dönüş etmək imkanları daha da çətinləşib. Əvəzində 61-ci dəqiqədə Amir Rrahmani cərimə zərbəsindən sonra başla topu tora göndərib - 3:0. Bu qoldan sonra Qurban Qurbanov növbəti oyunçu dəyişikliyinə əl atıb. 63-cü dəqiqədə Mahir Mədətovu Mirabdulla Abbasov əvəzləyib. Abbasov oyuna girdikdən 3 dəqiqə sonra rəqib qapıçı ilə təkbətən çıxıb. Lakin onun zərbəsini Muriç qaytara bilib. 71-ci dəqiqədə isə Araz Abdullayevin yerinə Ruslan Qurbanov meydana çıxıb.

Lakin bu əvəzləmə də Azərbaycan millisinin oyununa heç bir təsir etməyib. Əvəzində Zeneli 76-cı dəqiqədə "het-trik" edərək, komandasının dördüncü qoluna imza atıb.

Son dəqiqələrdə qonaqlar təsəlli qolunu vurmağa çalışsalar da, hücumlar heç bir effekt verməyib.

Beləliklə, Azərbaycan millisi D Liqasının 3-cü qrupunda ilk dəfə son oyununda uduzaraq, 9 xalla 2-ci yeri tutub. Kosovo isə 14 xalla qrup qalibi kimi "pley-off"a yüksəlib. Meydan sahibləri qələbəni atəşfəşanlıqla qeyd ediblər.

Bu, həm də Qurban Qurbanovun yığmanın sükanı arxasındakı ən böyük hesablı məğlubiyyəti olub. Bunadək milli iyunun 5-də Astanada Qazaxıstanla yoldaşlıq görüşündə 0:3 hesabı ilə yenilib.

Son xəbərlər

Orphus sistemi