Ağasəlim Mircavadov: "Guya büdcə böyük olanda Qriqorçuk nə etmişdi ki?!" - MÜSAHİBƏ

Ağasəlim Mircavadov: "Guya büdcə böyük olanda Qriqorçuk nə etmişdi ki?!" - MÜSAHİBƏ "Premyer Liqada klubların sayının azlığı avrokuboklardakı çıxışımıza mənfi təsir göstərir"
Futbol
13 İyul , 2018 17:33
Ağasəlim Mircavadov: Guya büdcə böyük olanda Qriqorçuk nə etmişdi ki?! - MÜSAHİBƏ

Bakı. 13 iyul. REPORT.AZ / AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadovun “Report”a müsahibəsi

- “Qarabağ”ın Çempionlar Liqasının (ÇL), “Neftçi”, “Keşlə” və “Qəbələ”nin isə Avropa Liqasının I təsnifat mərhələsində keçirdikləri ilk oyunlar barədə nə deyə bilərsiniz?

- “Qarabağ”ın Sloveniyada “Olimpiya”ya 1:0 hesabı ilə qalib gəldiyi matça və “Keşlə”nin Maltada “Baltsan”a 1:4 hesabı ilə uduzduğu qarşılaşmaya baxa bilmədim. Əvəzində “Qəbələ”nin evdə Lüksemburq “Proqres”inə 2 cavabsız qolla yenildiyi oyunun ilk hissəsini, eləcə də “Neftçi”nin Bakıda Macarıstan “Uypeşt”inə 3:1 hesabı ilə qalib gəldiyi matçı televiziya vasitəsi ilə izlədim. Qeydə alınan nəticələr hazırlıq proseslərindən irəli gəlir. Hər şey hansı komandanın harada və necə toplanış keçməsindən, gerçəkləşdirdiyi transferlərdən asılıdır. Çempionat mayda başa çatır, klublar iyunda futbolçu axtarışına çıxırlar. Bu, belə olmamalıdır. Özüm baş məşqçi kimi çalışdığım vaxtlarda da bəzən alınmırdı. Avrokubokda iştirak edəcək komanda yeni oyunçularla yanvarda danışıb, razılıq əldə etməlidir. İyunda isə hazır komanda ilə məşqlərə başlamalıdır. Əks halda, istədiyini ala bilmirsən.

- “Keşlə” ilə “Qəbələ” “cırtdan” adlandırılan Malta və Lüksemburq təmsilçilərinə uduzdular. Bu məğlubiyyətlər sizin üçün sürpriz olmadı?

- Bu, çox qəribə yanaşmadır. Ölkənin ərazi ölçüsünün və ya əhali sayının futbola dəxli yoxdur. Dünyada ən çox insanın yaşadığı Çinin yığma komandası dünya çempionatına düşə bilmir, amma İslandiya və Panama kimi ölkələrin komandaları mundiala gəlir. Deyirik ki, Maltadır, orada futbol olmur. Amma gərək Maltanı da udasan axı... İndi hamı futbol oynamağı bacarır. Xüsusən də Avropa ölkələrində inkişaf var. Sual budur ki, özün hazırsan, ya yox? Yanaşma tərzi dəyişməlidir.

- “Qəbələ”nin məğlubiyyətini klubun büdcəsinin azaldılması və Roman Qriqorçukun baş məşqçi postundan gedişi ilə əlaqələndirmək olar?

- Guya büdcə böyük olanda Qriqorçuk nə etmişdi ki?! Ötən mövsüm Avropa Liqasında qrupa düşə bilmədi. Əsas məsələ büdcədən səmərəli istifadə etməkdir.

- Ancaq Qriqorçukun dövründə daha çox yüksək ödənişli futbolçular transfer olunmuşdu və bunun sayəsində komanda iki dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandı...

- Həmin oyunçuları Avropa üçün yox, çempion olmaqdan ötrü almışdılar. Onu da bacarmadılar. İstədiyin futbolçunu gətirməklə qızıl medal tapşırığı həll edilmir. Düzgün və istəklə işləmək lazımdır.

- “Keşlə” və “Qəbələ”nin növbəti mərhələyə yüksəlmək şansı nə qədərdir?

- Futboldur, hər şey mümkündür. Amma Malta və Lüksemburq klublarının ilk matçlarda qazandıqları üstünlükləri əldən verəcəklərinə inanmıram. “Baltsan"ın “Keşlə”yə vurduğu qollara baxdım. Müdafiənin kobud səhvlərindən yararlanaraq fərqləniblər. Kombinasiyalı qollar vurublar. Oynaya bilirlər, hazırdırlar. Cəmi bir həftə qalıb. Bu müddətdə də nəsə etmək olar. Görək, necə olacaq.

- “Neftçi”nin oyunu barədə nə deyə bilərsiniz?

- Hiss olunur ki, “Neftçi” hələ axtarışdadır. Yeni oyunçular uyğunlaşmalı, komanda öz oyununu tam tapmalıdır. Yaxşı qələbə qazandılar, təbrik edirəm. Məğlub duruma düşsələr də, sonda qalib oldular. Hələ 3-dən də çox qol vura bilərdilər. Ancaq səhvlər də oldu. Cavab görüşü “Neftçi” üçün ağır olacaq. Dünən çox isti idi. Macarıstanda havanın belə olacağına inanmıram. Orada rəqibi əks-hücumda tutmaq lazımdır. Hiss olunur ki, “Uypeşt” oynamağı bacarır. Topu hara gəldi vurmurdular. “Neftçi” bu üstünlüyü əldən versə, ağır olacaq.

- “Qarabağ” səfərdə qalib gəlməklə, tapşırığın öhdəsindən böyük ölçüdə gəlib...

- Mövsüm başa çatandan sonra onların oyununu görməmişəm. Cavab görüşündə komandanın hansı vəziyyətdə olduğunu görəcəyik.

- Hazırkı mənzərəyə əsasən, yeni mövsümdə Premyer Liqada “Qarabağ”ın yalnız “Neftçi” ilə çempionluq mübarizəsi aparacağı təxmin edilir. Bu barədə nə deyə bilərsiniz?

- Bu, çox pis haldır. Heç olmasa, 8 klubdan 3-ü çempionluq uğrunda mübarizə aparmalıdır. Əvvələr komanda sayı çox idi və qızıl medallar uğrunda 6-7 kollektiv mübarizə aparırdı. Ona görə də qalibin adı son turda bilinirdi. “Qarabağ”da da dəyişiklilər olub. Avrokuboklardan çox şey asılıdır. Buradakı nəticələr çempionata da özünü göstərəcək. Premyer Liqada klubların sayının azlığı avrokuboklardakı çıxışımıza mənfi təsir göstərir.

Son xəbərlər

Orphus sistemi