Aftandil Hacıyev: "Səbail"in problemlərinin həllinə çalışırıq”

Aftandil Hacıyev: "Səbail"in problemlərinin həllinə çalışırıq” "Bu təklif əvvəldən mənə olmuşdu"
Futbol
109
20 May , 2021 13:40
Aftandil Hacıyev: Səbailin problemlərinin həllinə çalışırıq”
Aftandil Hacıyev

“Çempionatın sona çatması münasibətilə hamını təbrik edirəm. Avrokuboklara vəsiqə qazanan və ölkə kubokunun finalına yüksələn komandalara uğurlar arzulayıram”.

"Report"un məlumatına görə, bunu “Səbail”in baş məşqçisi Aftandil Hacıyev mətbuat konfransında deyib. 40 yaşlı mütəxəssis klubla yeni müqavilə bağladığını xatırladıb: “Rəhbərliklə bu gün görüşüm oldu. Bu təklif əvvəldən mənə olmuşdu. Növbəti mövsüm əməkdaşlığı davam etdirəcəyimiz yönündə razılaşdıq. Artıq üç ildir işbirliyimiz müəyyən səviyyəyə gətirib çatdırmışıq. Başladığımız işin davamını gətirmək istəyirəm. Çətin və məsuliyyətli iş həvalə olunub. Mənə etimad göstərən rəhbərliyə təşəkkür edirəm”.

Hacıyev klubda maliyyə probleminin həllinə çalışdıqlarını bildirib: "Hazırda növbəti mövsümlə bağlı bir çox məsələlərin müzakirəsi davam edir. Biz də çalışırıq bu problemlər həllini tapsın ki, növbəti mövsüm stabillik olsun. Rəhbərliklə gələn mövsümlə bağlı bu il yaşadığımız problemlərin olmayacağına dair söhbətlər oldu. Görüşlərə hər zaman ehtiyac var. Bu yöndə görüşlərimiz olacaq".

Baş məşqçi əsasən akademiyaya diqqət ayıracaqlarını və əvəzedici heyətin oyunçularına üstünlük verəcəklərini söyləyib: "Klub gənc olduğundan, akademiyadan əsas çox oyunçu cəlb etmək tezdir. Biz də digər komandalar kimi akademiyadan istifadə etmək istərdik. Necə ki, “Sumqayıt”, “Qəbələ” kimi klublar akademiyalarından faydalanırlar. Biz də diqqətimizi buna yönəldəcəyik".

Bununla belə, gənc mütəxəssis bəzi mövqelərdə legionerlərdən yararlanmalarının mümkünlüyünü dilə gətirib: "Müzakirə olunası detallar var. Ümumilikdə legionerlərdən az istifadə edirik. Amma bu, süni şəkildə olmamalıdır. İstəyirik ki, layiqli oyunçular çıxış etsin, yerli və ya əcnəbi olmasının fərqi yoxdur. Daha çox yerlilərə üstünlük veriləcək. Lakin bəzi mövqelər var ki, ora yerli tapa bilmirik. Ora da əcnəbi cəlb olunacaq".

Hacıyev hələ heyətlə bağlı işlərə başlamadıqlarını söyləyib: "Heyətin güclənməsinə hər zaman ehtiyac var. Dəyişikliklər olacaq. İstədiyimiz hansısa futbolçu qalmaya da bilər. Kimlərin gedəcəyi ilə bağlı hələ qərar verməmişik".

Son xəbərlər

Orphus sistemi