Aftandil Hacıyev: "Koronavirusa yoluxma sarıdan narahatlığımız var idi"

Aftandil Hacıyev: "Koronavirusa yoluxma sarıdan narahatlığımız var idi" Bundan qabaq keçdiyimiz bütün testlərin məqsədi tam başqa idi. Futbolçuların durumlarının hansı yerdə olduğu maraqlı gəlirdi. Sağlamlıqları da həmişə bizm üçün ön planda olub. Çünki sağlamlıq olmayan yerdə heç bir məlumat fayda verməz.
Futbol
18 May , 2020 15:22
Aftandil Hacıyev: Koronavirusa yoluxma sarıdan narahatlığımız var idi

"Bundan qabaq keçdiyimiz bütün testlərin məqsədi tam başqa idi. Futbolçuların durumlarının hansı yerdə olduğu maraqlı gəlirdi. Sağlamlıqları da həmişə bizm üçün ön planda olub. Çünki sağlamlıq olmayan yerdə heç bir məlumat fayda verməz".

Bu fikirləri "Report"a açıqlamasında "Səbail"in baş məşqçisi Aftandil Hacıyev komandanın koronavirus testindən keçməsi barədə danışarkən deyib.

39 yaşlı mütəxəssis bildirib ki, koronavirus testi ən çox sağlamlıqla bağlıdır. Hacıyev bu testlərdə başqa göstəricilərin onları maraqlandırmadığını söyləyib: "Əmin olmaq istəyirdik ki, məşqə icazə verilsə, hamımız tam sağlamıq və başlaya bilərik. Bu həm öz istəyimiz, həm də dövlətin tələb etdiyi testdir".

Gənc baş məşqçi testdən öncə komandada narahatlığın olduğunu etiraf edib: "Fikirləşirdik ki, kimdəsə çıxa bilər. Biz hər gün informasiyaları oxuyur və görürük ki, gözləmədiyimiz insanda da yoluxma aşkarlanır. Sağlam olan insan da koronavirusa yoluxa bilər. Müəyyən qədər narahatlıq var idi. Amma sevindiricidir ki, bütün testlər neqativ oldu. Hazırda virusla bağlı problemimiz yoxdur".

Hacıyev karantin dönəmində futbol və idmanla bağlı yumşalmanın olmaması barədə də fikirlərini bölüşüb: "Daha əvvəldən bilirdik ki, koronavirus nə qədər ciddi məsələdir. Nazirlər Kabineti yanında Operativ Qərargahın hər bir qərarına hörmətlə yanaşırıq. Onlar prosesləri daha yaxından izləyirlər. Biz də istərdik ki, idman sahəsində də yumşalmalar olsun. Amma idman kütləvi olduğu üçün gözləməyi məsləhət biliblər. Ümid edirəm ki, yaxın günlərdə idmanda da yumşalmalar olacaq. Hazırda önəmli olan futbol deyil, insanların sağlamlığıdır".

Mütəxəssis koronavirusa yoluxmanın daha çox olduğu Almaniya və digər ölkələrdə mövsümün bərpa olunduğu halda, Azərbaycanda bu yöndə hər hansı irəliləyişin olmamasına münasibət bildirib: "Bu məsələyə fərdi yanaşmaq lazımdır. "Almaniyada bərpa olunubsa, bizdə niyə başlamır" deyə bilmərik. Hər ölkənin öz yanaşması, yoluxmanın pik nöqtəyə çatma zamanı var. Dəqiq deyə bilmərik ki, Almaniya ilə bizim aramızdakı fərq nə yerdədir. Ancaq dövlətimizin insanları daha çox düşünməsi təqdirəlayiqdir. Düşünmürəm ki, bizdə müzakirələr aparılmır. Çempionatla bağlı nəticələri digər ölkələrdən sonra da olsa, görəcəyik. Çempionatın bərpası ilə bağlı hələ dəqiq bir söz demək olmur. İyunun 1-də məşqlərə başlasaq, Premyer Liqa iyunun sonlarında bərpa olunacaq. Belə olan təqdirdə, çempionatı bitirmək mümkündür. Yeni mövsümə kimi vaxtımız var, amma hazırlıq dönəmini arada itərə bilərik. Ancaq düşünürəm ki, federasiyasının B və C planları da var".

Baş məşqçi çempionat oyunlarında əvəzetmə sayının 5-ə yüksəldilməsinin yaxşı qərar olduğunu vurğulayıb: "Bu qərara normal çempionat vaxtı ehtiyac yox idi. Amma indiki durumda futbolçuların bir-birilərini əvəz etmələri yaxşı olardı. Çünki yükləmə tam hazır olmayan futbolçuya zərar verə bilər. Hər şeyi nəzərə alanda atılan addım doğrudur. Bəlkə, daha da artırmaq olardısa, yenə də futbolçuların sağlam qalması, və zədədən qaçması üçün köməkliyi olardı. Bütün hallarda 3+2 hamı üçün əlverişli qərardır".

Qeyd edək ki, Azərbaycan Premyer Liqası martın 13-də koronavirus pandemiyası səbəbindən yarımçıq dayandırılıb. Peşəkar Futbol Liqası daha əvvəl mayın 4-də ölkədə karantin rejimi ləğv olunacağı halda, mayın 21-də I Divizionun, mayın 23-də isə Premyer Liqanın bərpasının nəzərdə tutulduğunu açıqlayıb. Amma karantin rejiminin mayn 31-dək uzadılması futbola tətbiq olunan qadağanın qüvvədə qalmasına səbəb olub.

Son xəbərlər

Orphus sistemi