Aftandil Hacıyev: "Kasad heyətlə yaxşı nəticə qazanmaq çətindir"

Aftandil Hacıyev: "Kasad heyətlə yaxşı nəticə qazanmaq çətindir" "Bu gün maraqlı görüş alındı. Hər iki komanda meydanda mübarizə apardı və məğlub olmaq istəmirdi"
Futbol
19 Fevral , 2021 18:38
Aftandil Hacıyev: Kasad heyətlə yaxşı nəticə qazanmaq çətindir
Aftandil Hacıyev

"Bu gün maraqlı görüş alındı. Hər iki komanda mübarizə apardı və məğlub olmaq istəmirdi".

"Report" xəbər verir ki, bu fikirləri "Səbail"in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının XVI turunda evdə "Sabah"ı 2:0 hesabı ilə məğlub etdikləri oyundan sonra mətbuat konfransında deyib.

40 yaşlı mütəxəssis bildirib ki, ağır qrafiqdən sonra qələbə qazanmaq istəyiblər: "Bu gün futbolçular bütün tapşırıqları dəqiq yerinə yetirməyə çalışdılar. Çox diqqətli oynadıq. Əvvəlki səhvlər bu gün minimuma endi. Qapımız qarşısında rəqibə qol şansı da vermədik. Hücumda daha aktiv idik və istədiyimiz qələbəni qazandıq. Çempionat ağır keçir. Ən çətin qrafikdə oynayan komanda bizik. Kasad heyətlə həm nəticə qazanmaq, həm də yaxşı oyun sərgiləmək çətindir. Bu günə qədər də oyunumuzdan tam narazı deyildim. Öz səhvlərimizdən qollar buraxırdıq".

Hacıyevin sözlərinə görə, müdafiəçilərin bugünkü oyunu onu sevindirib: "Bu "Səbail"i meydanda görmək istəyirdim. Qışa qədər daha az top buraxan komandalardan idik. Görüşün ilk hissəsində daha yaxşı oynadıq. İkinci yarıda rəqib sistemi dəyişdi. Meydanın mərkəzində çoxaldılar və üstünlük bir az onlara keçdi. O ərəfədə səhvsiz oynamağı bacardıq. İkinci qolu vurduqdan sonra isə rəqib sakitləşdi. Bu gün istədiyimiz oyunla qələbə əldə etdik. Amma bundan sonrakı matçlar da çətin keçəcək. Rahatlaşmaq olmaz. Bizi "Qarabağ"la çətin səfər oyunu gözləyir. "Sabah"la qarşılaşmanı unudub ona hazırlaşmalıyıq. Rəqibə də uğurlar arzulayıram. Bu gün öz transferləri ilə ictimaiyyətlə səs-küy salmağı bacarıblar. İnanıram ki, gələcəkdə istədikləri uğuru qazana biləcəklər".

Baş məşqçi "Sumqayıt"a iki oyunun yekununda daha az qolla uduzduqları kubokdakı matçları xatırlayıb: "Kubokda mübarizəni dayandırmaq sırf "Səbail"in günahı deyildi. Hər iki görüşdə hakim səhvləri oldu. Kuboka görə komandamı günahlandırmaq istəmirəm. Hər iki oyunda topa sahib olmada rəqibdən üstün idik. "Sumqayıt" kubok oyunlarında təcrübəsi olan komandadır. Çempionatımızda açıq autsayder yoxdur. Heyəti və imkanları geniş olan komandalar var. Biz bu amillərə görə geridə qalsaq da, oyunumuzla geridə qalmayacağıq. Sona kimi mübarizə aparacağıq. Qarşımıza Avropa Liqasına vəsiqə qazanmaq kimi tələb qoymamışıq".

Son xəbərlər

Orphus sistemi