Aftandil Hacıyev: "Bəzi futbolçular sonadək mübarizə aparmır"

Aftandil Hacıyev: "Bəzi futbolçular sonadək mübarizə aparmır" "Bəzi oyunçuların istəksiz olması, sona qədər mübarizə aparmaması açıq sezilirdi və bu, məni təəccübləndirdi"
Futbol
19 Fevral , 2022 17:43
Aftandil Hacıyev: Bəzi futbolçular sonadək mübarizə aparmır

"Bəzi oyunçuların istəksiz olması, sona qədər mübarizə aparmaması açıq sezilirdi və bu, məni təəccübləndirdi"

"Report" xəbər verir ki, bunu "Səbail"in baş məşqçisi Aftandil Hacıyev səfərdə "Qəbələ"yə 2:0 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XVI tur oyunundan sonra mətbuat konfransında deyib.

42 yaşlı mütəxəssis bu məqamın onları narahat etdiyini, lakin səbəbin nə olduğunu bilmədiklərini söyləyib: "Oyun haqqında danışılası çox şey yoxdur. Ümumilikdə maraqlı mübarizə oldu. İlk hissədə müəyyən boşluqlar verdik. Rəqibin fərdi baxımdan yüksək keyfiyyətə malik və hər an oyunu üzərinə götürə bilən futbolçularının olduğunu bilirdik. Oyunun fasiləyə kimi heç-heçə yekunlaşacağını gözləmirdim. Ancaq fasilədə müəyyən söhbətlərdən sonra görünür futbolçularda diqqət daha da artıb".

Hacıyev heyətdə itkilərin olmasının onlara problem yaratdığını söyləyib: “Yalnız ikinci hissənin 20 dəqiqəsi məni razı sala bilərdi. İtkilərimiz də var. Onsuz da, heyətimiz geniş deyil. Hər hansı itki olanda oyunumuza da təsir edir. Əsas heyət üzvlərindən Nikolas Rayselin olmaması oyunumuzu daha da geri salır. Hər kəs kimi, bizim üçün də Qəbələdə oynamaq çətindir. Nadir hallarda rəqiblər buradan xalla ayrıla bilir. Biz də bura xal qazanmaq üçün gəlmişdik, alınmadı. Yenə də hər matçda xal ehtiyatımızı artırmağa çalışacağıq. “Qəbələ” bu gün layiqli qələbə qazandı”.

Baş məşqçinin fikrincə, Premyer Liqanın növbəti mövsümündə 10 komandanın iştirak etməsinin və heç bir klubun elitanı tərk etməməsinin öncədən bilinməsi futbolçuların motivasiyasına təsir edir: “Ancaq futbolçuların istəksiz oynamasının sırf bu amillə əlaqədar olduğunu düşünmürəm. Müəyyən səbəblər var, araşdırıb, dəqiqləşdirəcəyik. İdman prinsipi baxımından mübarizə çempionatın əvvəlindən sonuna kimi qaydalar çərçivəsində olanda komandaların axıra qədər mübarizəni davam etdirməyə səbəbləri olur. Problemlər onsuz da çoxdur. 10 komandanı mövsümün sonunda elan eləmək yəqin gec olur. Mövsümün ilk yarısından sonra bunu elan etdilər. Təbii ki, qərarlaşdığımız mövqe bizi razı salmır. Bilirik ki, bütün rəqiblərin heyəti bizdən güclüdür. Aşağı diviziona düşməsək belə, sonuncu pillədə qalmaq heç birimizi qane etmir”.

O, mövsümün qalan hissəsində gənc futbolçulara üstünlük verəcəklərini vurğulayıb: “Əvəzedici heyətdən bir neçə oyunçu əsas komandaya cəlb etmişik. Bu gün də onlardan birini meydana buraxdıq. Onsuz da, bizdə yerlilər çoxluq təşkil edir. Ancaq sayı U-19 komandasından və əvəzedicilərdən götürdüyümüz futbolçularla artırırıq. Getdikcə onlara daha çox şans verməyə çalışacağıq”.

Son xəbərlər

Orphus sistemi