Cahangir Həsənzadə: "Kamran millidə oynamağa ikiəlli razıdır" - MÜSAHİBƏ

Cahangir Həsənzadə: "Kamran millidə oynamağa ikiəlli razıdır" - MÜSAHİBƏ AFFA-nın texniki direktoru Cahangir Həsənzadənin "Report"a müsahibəsi
Futbol
30 Yanvar , 2021 13:20
Cahangir Həsənzadə: Kamran millidə oynamağa ikiəlli razıdır - MÜSAHİBƏ
Cahangir Həsənzadə

AFFA-nın texniki direktoru Cahangir Həsənzadənin "Report"a müsahibəsi

- Bu yaxınlarda millinin skautu İlqar Qurbanovla birlikdə Türkiyənin Antalya şəhərində azərbaycanlı futbolçu Kamran Əliyevlə görüşmüsünüz. Həmin görüşün detalları barədə ətraflı məlumat verərdiniz...

- Ən vacib məsələlərdən biri o idi ki, Kamran Əliyevin oyununu izlədik. Hazırda Rusiya "Ximki"sinin üzvüdür, klubu ilə 2 illik müqaviləsi var, ötən mövsüm əsas heyətdə çıxış edib. Komandada baş məşqçi dəyişikliyi baş verdiyi üçün əsas heyət uğrunda mübarizə aparır. Yeni baş məşqçi İqor Çerevçenko ilə də danışdıq, soydaşımıza güvəndiyini bildirdi. Komanda yoldaşları da Əliyev haqqında müsbət fikirlər səsləndirdilər. Kifayət qədər səviyyəli, bacarıqlı, mədəniyyətli uşaqdır. Onun barəsində tək futbolçu yox, azərbaycanlı kimi təəssüratımız olmalı idi. Çox yaxşı təsir bağışladı.

- Bəs oyunu barədə nə deyə bilərsiniz: Sizi qane etdimi?

- Bəli, millinin oyununa rəng qata bilər. Kifayət qədər gəncdir, 23 yaşı var. Bunu nəzərə alsaq, onunla uzunmüddətli əməkdaşlıq edə bilərik. Yığmaya xeyir verə biləcək potensialı var. Görüşdə bəzi texniki məsələləri də müzakirə etdik.

- Maraqlıdır, texniki məsələlər dedikdə, nəyi nəzərdə tutursunuz?

- Kamran Azərbaycan millisində oynasa, Rusiya Premyer Liqasında legioner hesab olunacaq. Hazırda əsas məsələ budur. Yerli statusunu itirdiyi halda, əsas heyətdən kənarda qalma riskləri daha çox olar. Bunların hamısını danışdıq. Müəyyən vaxt lazımdır. Bu məsələləri yoluna qoyduqdan sonra yığmaya cəlb olunması istiqamətində işlərə başlaya bilərik.

- Futbolçunun özünün millidə oynamaqla bağlı fikri necədir?

- Özü ikiəlli razıdır. Bildiyimiz azərbaycanlıdır, ana dilimizdə sərbəst danışır. Daha əvvəl U-21-ə də dəvət alıb.

- Belə çıxır ki, Kamran Əliyevin millidə oynaması realdır...

- Məncə, real görünür. Ən vacibi, futbolçunun öz istəyidir. Yığmada oynamaq fikri var. Bəzi süni maneələr var ki, onun da öhdəsindən AFFA olaraq biz gəlməliyik. Məsələn, onun yığmaya dəvət alıb, klubunda ehtiyatda qalması bizə heç bir fayda verməz. Çünki oynamayan futbolçunu milliyə çağırmaq məntiqli görünməyəcək.

- Yəqin ki, milliyə cəlb etmək üçün maraqlandığınız başqa futbolçular da var...

- Təbii ki, var. Bəziləri ilə ilkin danışıq olub. Məsələn, onlardan biri Ukraynanın "Minay" klubunda çıxış edən Anatoli Nuriyevdir. Maraqlanmışıq, amma ətraflı məlumat verə bilmərəm. Danışıqlar davam edir. Onun da fikri müsbətdir, yığmada oynamaq istəyir. Əslində azərbaycanlı futbolçudursa, belə də olmalıdır. Ümumiyyətlə, Azərbaycandan kənarda yaşayan yerli futbolçuların axtarışındayıq. Hamısını izləməyə çalışırıq.

- Əliyevin yığmanın qarşıdakı təlim-məşq toplanışında və DÇ-2022-nin seçmə mərhələsinda iştirakı nə dərəcədə mümkündür?

- Hər şey qaydasında getsə, çatdırmaq olar. Ən azı əlimizdən gələni edərik. Amma dəqiq bir söz demək çətindir.

- Əsas millinin baş məşqçisi Canni De Byazi həmin futbolçuların oyunun görüb?

- Əlbəttə, biz sistemli şəkildə çalışırıq. Futbolçu seçimini baş məşqçi edir. Biz sadəcə, təkliflərimizi veririk ki, filan ölkədə belə bir futbolçu var. Son sözü özü deyəcək. Onun qarşısında belə bir məcburiyyət yoxdur.

- Nəzərə alaq ki, siz də əziyyət çəkir, futbolçuları tapıb danışırsınız. Sabah De Byazi onları istəməsə, necə olacaq?

- Düzdür, biz də axtarışlara əmək, vaxt sərf edirik. Amma bu, bizim işimizdir. Baş məşqçinin fikri ən birincidir. Ona futbolçu seçimləri ilə bağlı ətraflı məlumat vermək lazımdır. Çünki xaricdə oynayan azərbaycanlı futbolçuların siyahısı onda yoxdur. Bu cür oyunçuları ancaq izləyə-izləyə üzə çıxarmaq lazımdır. Hərdən olur, soyadına baxırsan ki, azərbaycanlıdır. Amma əlaqə saxladıqdan sonra başqa ölkədən olduğu üzə çıxır. Futbolçular baş məşqçinin sisteminə uyğun olmalıdır.

Son xəbərlər

Orphus sistemi