AFFA Region Liqasının Əsasnaməsini açıqlayıb

AFFA Region Liqasının Əsasnaməsini açıqlayıb Turnirdə 1-ci yeri tutan komanda 10 min, 2-ci yer 5 min, 3-cü yer isə 2 min manat mükafat alacaq
Futbol
1384
24 Oktyabr , 2017 15:20
AFFA Region Liqasının Əsasnaməsini açıqlayıb

Bakı. 24 oktyabr. REPORT.AZ/ AFFA 2017/2018-ci il mövsümü üçün həvəskarlardan ibarət komandalar arasında keçirilən Azərbaycan Region Liqasının Əsasnaməsini açıqlayıb.

“Report” qurumun rəsmi saytına istinadən xəbər verir ki, Region Liqasının təşkili və ona nəzarəti AFFA-nın işçi qrupu (Regional Futbol Federasiyaları İctimai Birliyi, Məşqçilər Komitəsi, AFFA-nın Kütləvi Futbol Departamenti və Uşaq və Gənclər üzrə Yarışların təşkili şöbəsi) həyata keçirəcək.

Region Liqasında klublara və komandalara iştirak hüququnu AFFA-nın işçi qrupu verəcək. Yarışda bir klub bir ad altında bir komanda ilə təmsil oluna bilər. Turnirdə iştirak etmək istəyən komandalar noyabrın 10-dək AFFA-nın işçi qrupuna müraciət edərək qeydiyyatdan keçməlidir. İştirak hüququ ilə bağlı AFFA-nın işçi qrupu tərəfindən qərar 5 gün ərzində veriləcək.

Sifariş vərəqəsində göstərilməyən və müvafiq lisenziya almayan komanda üzvləri oyunlar zamanı texniki zonaya buraxılmır. Hər bir futbolçu eyni zamanda yalnız bir klubda qeydiyyatda ola və mövsüm ərzində ən çox iki klubda çıxış edə bilər. Mövsüm ərzində peşəkar futbol oynamış oyunçu Region Liqasında müvafiq mövsüm ərzində transfer oluna bilməz.

İştirakçı klub və ya komandalar bu əsasnamənin hər bir bəndinə riayət etməlidirlər. Klub onu təmsil edən hər hansı bir şəxsin (futbolçular, rəsmi şəxslər, azarkeşlər və s.) davranışlarına məsuliyyət daşıyır. Ev sahibi komanda oyun zamanı stadionda təhlükəsizliyə məsuliyyət daşıyır. Komanda oyuna 15 dəqiqə qalmış meydançanın ərazisini polis əməkdaşları ilə təmin etməlidir.

İştirakçı klub və ya komanda sponsorun loqosunu futbol maykasının üzərində əks etdirmək istədikdə bu haqda öncədən AFFA-nın işçi qrupuna məlumat verməli və razılaşdırmalıdır.

Region Liqasında oyunlar hər birində 8 - 12 komanda olmaqla 3 qrupda təşkil olunacaq və oyunlar 2 dövrədən ibarət dairəvi sistemlə keçiriləcək. Mövsümün təqvimi püşkatma yolu ilə tərtib olunacaq. Hər 3 zonanın qalibi final mərhələsinə vəsiqə qazanır. Final mərhəsi 3 komandanın iştirakı ilə 2 dövrəli sistemdən ibarət olacaq. Matçlar həftənin şənbə və bazar günləri keçirilir. İstisna hal kimi digər günlər AFFA-nın işçi qrupu tərəfindən təyin oluna bilər.

Oyunlarda əvəzetmə qarşılaşmanın protokolunda adları göstərilmiş futbolçularla həyata keçiriləcək. Hər komanda 7 əvəzetmədən istifadə edə biləcək. Meydan sahibi olan komanda protokolu əvvəl doldurur. Oyunun protokoluna 18 futbolçunun adı və soyadı yazılacaq.

Oyunlar AFFA tərəfindən təsdiqlənmiş meydanlarda keçirilir. Klublar ev oyunlarını keçirəcəkləri meydanla bağlı təminat məktubunu AFFA-ya təqdim etməlidirlər. AFFA meydanı yoxlamağa ehtiyac gördükdə inspeksiya aparmaq hüququna malikdir. AFFA icazə verdikdən sonra komanda rəqiblərini həmin meydanda qəbul edə bilər. Bir meydandan maksimum 3 komandanın istifadə etmək hüququ var.

Komanda oyunda iştirakdan imtina edərsə, AFFA-nın İntizam Komitəsi ona texniki məğlubiyyət verəcək. 3 dəfə oyuna çıxmaqdan imtina edən kollektiv turnirdən kənarlaşdırılacaq.

Oyunları Hakimlər Komitəsi tərəfindən təyin edilmiş hakimlər briqadası idarə edəcək və hakimlik FİFA qaydaları əsasında həyata keçiriləcək. Hakimlər Komitəsi Region Liqasının matçlarına 4 nəfərdən ibarət hakimlər briqadası təyin edəck (1 baş hakim, 2 yan xətt hakimi, 1 ehtiyat hakim).

Bütün qırmızı vərəqələrə İntizam Komitəsi tərəfindən baxılacaq. Futbolçular İntizam Komitəsinin qərarları əsasında cəzalandırılacaq. Oyun zamanı və oyundan sonra baş verən insidentlərlə bağlı bütün qərarları İntizam Komitəsi qəbul edəcək.

Region Liqasında ilk 3 yeri tutan komandaların futbolçuları və baş məşqçiləri müvafiq olaraq qızıl, gümüş və bürünc medallarla, AFFA-nın diplomları və pul mukafatı ilə təltif olunacaqlar. 1-ci yer 10 min, 2-ci yer 5 min, 3-cü yer isə 2 min manat mükafat alacaq. Həmçinin mövsümün sonunda liqanın ən məhsuldar oyunçusu və ən yaxşı futbolçusu seçiləcək və onlar da hədiyyələrlə mükafatlandırılacaqlar.

Son xəbərlər

Orphus sistemi