Azərbaycan yığmasına yeni baş məşqçi yaxın günlərdə təyin olunacaq

Azərbaycan yığmasına yeni baş məşqçi yaxın günlərdə təyin olunacaq AFFA Məşqçilər Komitəsi 5 nəfərdən ibarət olacaq
Futbol
24 Noyabr , 2014 16:12
Azərbaycan yığmasına yeni baş məşqçi yaxın günlərdə təyin olunacaq

Bakı. 24 noyabr. REPORT.AZ/ AFFA prezidenti Rövnəq Abdullayevin əmri ilə yaradılan Məşqçilər Komitəsi 5 nəfərdən ibarət olacaq. Bunu "Report"a açıqlamasında komitə üzvü Ağasəlim Mircavadov deyib.

Onun sözlərinə görə, bu gün baş katib Elxan Məmmədovla görüşə 4 nəfər dəvət olunub. 5-ci üzvün kimliyi isə növbəti görüşədək müəyyənləşəcək. Bu isə yaxın bir həftə ərzində baş tutacaq.

İclasa gəldikdə, "Şöhrət" ordenli mütəxəssis bir sıra məsələlər ətrafında fikir mübadiləsinin aparıldığını bildirib. O deyib ki, komitəyə bütün yığmalara nəzarət hüququ verilib. Komitə üzvlərindən hansısa baş məşqçi kimi komandaya işləməyə dəvət alarsa, onun getməsinə məhdudiyyət qoyulmayacaq: "Yerli məşqçilər klublarda nə qədər çox işləsə, o qədər xeyri olar. Məncə, belə bir komitənin yaradılması yaxşı ideyadır. Əvvəllər də belə bir qurum var idi. O zamanlar mən "Şəmkir" komandasının baş məşqçisi idim. Çox iş görmüşdük. İndi də komitənin imicini saxlamaq lazımdır".

Təcrübəli mütəxəssis görüşdə Azərbaycan milli komandasının yeni baş məşqçisi məsələsinin də müzakirə olunduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, E.Məmmədov yığmanın sükanı arxasına yenə əcnəbi baş məşqçinin keçəcəyini deyib: "Elxan müəllim dedi ki, Robert Prosineçkini Bakıya dəvət ediblər. O da gəlib struktur, futbolumuzdakı ümumi durumla tanış olduqdan sonra fikrini bildirəcək. R.Prosineçki "Xəzər Lənkəran" - "Neftçi" matçına baxacaq. Qoy, real vəziyyəti öz gözləri ilə görsün. E.Məmmədov yeni baş məşqçinin yaxın günlərdə təyin olunacağını da əlavə etdi".

Bu yaxınlarda AFFA-nın baş katibi yerli mütəxəssislərdən heç kimin yığmanın baş məşqçi postuna namizədliyinin irəli sürülmədiyini açıqlayıb. A.Mircavadov isə deyib ki, özünə hörmət edən, öz imicini qoruyan mütəxəssis "Məni yığmaya baş məşqçi təyin edin" deməz: "Hətta sovet vaxtında da belə deyildi. Lazım bilsələr, qoyarlar, lazım bilməsələr, yox".

Sonda A.Mircavadov Məşqçilər Komitəsinin növbəti iclasının yaxın bir həftə ərzində keçiriləcəyini də əlavə edib.

Qeyd edək ki, E.Məmmədovla görüşdə A.Mircavadovdan əlavə, Böyükağa Hacıyev, Vaqif Sadıqov və Şahin Diniyev iştirak edib.

Son xəbərlər

Orphus sistemi