AFFA İntizam Komitəsi Premyer Liqanın 3 klubunu - “Qəbələ”, “Sabah” və “Neftçi”ni cərimələyib.
“Report” xəbər verir ki, buna XVI turun oyunlarında baş verən neqativ hallar səbəb olub.
“Kəpəz”lə görüşün 49-cu dəqiqəsində qırmızı vərəqə alan “Qəbələ”nin yarımmüdafiəçisi Emil Səfərov 1 oyunluq cəzalandırılıb. “Qırmızı-qaralar” isə 500 manat cərimə edilib.
Təcili tibbi yardım avtomobili “Səbail”lə ev matçına təyin olunmuş vaxtdan gec gəldiyi üçün “Sabah” 1000 manat ziyana düşüb. Hesab tablosu işləmədiyindən, “bayquşlar”a xəbərdarlıq edilib.
“Neftçi” - “Turan Tovuz” görüşündə də hesab tablosu işləməyib. Bu üzdən “ağ-qaralar” da xəbərdarlıq alıb. Matç bitdikdən sonra meydana kənar şəxslərin daxil olması isə “Neftçi”nin 800 manat cərimələnməsinə yol açıb.