AFFA-nın növbəti XXVI Konfransı keçirilib - YENİLƏNİB

AFFA-nın növbəti XXVI Konfransı keçirilib - YENİLƏNİB Bakı. 4 mart. REPORT.AZ/ Bu gün “Hilton” otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXVI növbəti Konfransı keçirilib.
Futbol
4 Mart , 2019 15:51
AFFA-nın növbəti XXVI Konfransı keçirilib - YENİLƏNİB
Report/ Firi Salim

Bakı. 4 mart. REPORT.AZ/ Bu gün “Hilton” otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXVI növbəti Konfransı keçirilib.

“Report” xəbər verir ki, əvvəlcə UEFA Avropa Liqasının elementlərini əks etdirən, Bakının görməli yerlərində çəkilmiş top janqlyorlarının məharətini göstərən videoçarx nümayiş etdirilib.

AFFA-nın prezidenti Rövnəq Abdullayev Konfransı açaraq konfrans nümayəndələrini, qonaqları və KİV əməkdaşlarını salamlayıb: “Hesabat dövrü ərzində futbolun inkişafı məqsədilə həyata keçirilən layihələr davam etdirilib. İlk növbədə, futbol ictimaiyyəti adından Respublika Prezidenti cənab İlham Əliyevə bir daha təşəkkür etmək istərdim. Bu il Bakıda təşkil olunacaq UEFA Avropa Liqasının final oyununun layiqincə keçirilməsini təmin etmək üçün cənab Prezidentin imzaladığı Sərəncam hazırlıq prosesinin gedişinə əlverişli şərait yaradır. Uğurlu nəticələrdən danışarkən U-19 millimizin Avropa çempionatının elit-raund mərhələsinə yüksəlməsini qeyd etmək olar. UEFA Avropa Liqasının final oyununa hazırlıq çərçivəsində müxtəlif maraqlı layihələr həyata keçirildi. “Qarabağ” klubu növbəti dəfə Avropa Liqasının qrup mərhələsinə yüksəlməyi bacardı. Təəssüf ki, milli komandamız UEFA Millətlər Liqasında uğursuz çıxış etdi. Son turda məğlub olaraq növbəti mərhələyə vəsiqə qazana bilmədi. Bildiyiniz kimi, Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsində dəyişiklik baş verdi. Yeni təyinat alan Nikola Yurçeviçə millinin baş məşqçisi vəzifəsində uğurlar arzu edirik. Sadaladığım bütün məsələlər, eləcə də digər mövzular barədə Konfransın gedişində ətraflı məlumat alacaqsınız”.

Tədbirdə iştirak edən gənclər və idman naziri Azad Rəhimov çıxışında Konfransın işinə uğurlar arzulayıb: “Azərbaycanda idmana və idmançılara böyük diqqət və qayğı göstərilməsi, ölkəmizdə idmanın bütün növlərinin inkişafı hər zaman dövlət siyasətinin tərkib hissəsi olub. Respublika Prezidenti cənab İlham Əliyevin idman sahəsinə xüsusi diqqətlə yanaşması, bu istiqamətdə məqsədyönlü siyasəti nəticəsində Azərbaycan respublikası beynəlxalq aləmdə idman ölkəsi kimi tanınır. Təsadüfi deyil ki, Bakıda və respublikamızın bölgələrində müxtəlif mötəbər beynəlxalq turnirlər, dünya və Avropa çempionatları keçirilir. Təbii ki, futbol da ən populyar idman növlərindən biri olaraq bu prosesdən kənarda qalmır. Təkcə bu faktı qeyd etmək kifayət edər ki, bu il mayın 29-da Bakı Olimpiya Stadionunda UEFA Avropa Liqasının final oyunu keçiriləcək. 2020-ci ildə isə bu möhtəşəm arena Avropa çempionatının 4 oyununa ev sahibliyi edəcək. Bir qədər sonra biz AFFA-nın illik hesabatı ilə tanış olacağıq. Amma mən bir neçə vacib faktı diqqətinizə çatdırmaq istərdim. Bu gün AFFA futbolun kütləviliyinin artırılması istiqamətində böyük işlər görür. Bu proses təkcə futbolun inkişafı deyil, həm də əhalinin bütün təbəqələrinin sağlam həyat tərzinə istiqamətləndirilməsi baxımından vacibdir. Müxtəlif yaş qruplarından ibarət uşaq komandaları üçün mütəmadi liqalar təşkil olunur, uşaq, yeniyetmə və gənclər il boyu futbol oynamaq imkanı əldə edir. Kütləviliklə bağlı daha bir vacib məqam ondan ibarətdir ki, AFFA belə tədbirləri təkcə paytaxtda təşkil etmir, bölgələrdə, xüsusilə də cəbhə xəttinə yaxın ərazilərdə turnirlər və festivallar keçirilir. Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı qəsəbəsində, Füzuli rayonundakı “Qayıdış” qəsəbəsində keçirilmiş “Cəsur ürəklər” futbol festivalları bu baxımdan xüsusi əhəmiyyət daşıyır. AFFA Cocuq Mərcanlı qəsəbəsində süni örtüklü futbol meydançası da inşa etdirərək qəsəbə sakinlərinin ixtiyarına verib. Ümumiyyətlə, ölkəmizdə futbol infrastrukturunun inkişafı ilə bağlı böyük işlər görülməkdədir. Çıxışımın sonunda AFFA-ya, ölkəmizin futbol ictimaiyyətinə uğurlar arzulayıram. Ümidvaram və əminəm ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının final oyunu uğurla təşkil olunacaq və ölkımizin idman tarixində özünəməxsus yer tutacaq”.

Sonra hesabat dövrü ilə bağlı videoçarx nümayiş olunub. Ardınca baş katib Elxan Məmmədov hesabat məruzəsi ilə çıxış edib. Çıxışın sonunda dünya şöhrətli futbol ulduzu, portuqaliyalı Deku mərkəzə dəvət olunub. Deku bu il mayın 29-da final oyunu Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqası turnirinin kubokunu ictimaiyyətə təqdim edib.

Daha sonra AFFA-nın Maliyyə və Mühasibatlıq Departamentinin müdiri Xalid Cavadov, ardınca isə müstəqil audit Ülvi Həsənov hesabatlarını səsləndirib.

AFFA ilə “Aquq Vita” şirkəti arasında əməkdaşlığın 10 illiyi münasibətilə AFFA-nın prezidenti Rövnəq Abdullayev “Aquq Vita” şirkətinin nümayəndəsi Fəxri Abbasova xüsusi hədiyyə təqdim edib.

Uşaq futbolunda aqressiya, futbolla məşğul olan uşaqların oyunlarına valideynləri tərəfindən yersiz müdaxilələrin fəsadlarını əks etdirən sosial yönümlü 2 videoçarx nümayiş olunub.

Konfransda iştirak edən FIFA nümayəndəsi Byorn Vassala çıxış edib.

Martın 3-də Bakıdakı Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qarşısında keçirilmiş “Bakı 2019: Ulduzlar Finalı” adlı şou xarakterli oyundan hazırlanmış videoçarx nümayiş etdirildikdən sonra Konfrans öz işini yekunlaşdırıb.

Konfransdan sonra İcraiyyə Komitəsinin iclası, ardınca isə AFFA-nın baş katibi Elxan Məmmədovun iştirakı ilə mətbuat konfransı keçirilib.


10:04***

Bakı. 4 mart. REPORT.AZ/ "Hilton" otelində AFFA-nın Növbəti Hesabat Konfransı başlayıb.

"Report"un məlumatına görə, tədbirdə gənclər və idman naziri Azad Rəhimov, AFFA prezidenti Rövnəq Abdullayev, futbol ictimaiyyətinin nümayəndələri, Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç, "Bakı-2019: Ulduzlar finalı" ilə əlaqədar paytaxtda səfərdə olan ötənlərin məşhur futbolçuları və digər şəxslər iştirak edirlər.

Konfransın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:

- Prezident tərəfindən salamlama

- Yığıncağın tərkibinin yoxlanılması

- İcraiyyə Komitəsinin prezident tərəfindən təqdim olunmuş fəaliyyəti haqqında hesabatının təqdim olunması

- Maliyyə hesabatının təsdiq olunması

- Müstəqil auditorun və AFFA-nın Yoxlama və Təftiş Komitəsinin hesabatını nəzərə almaq

- Növbəti ilin büdcəsinin təsdiq olunması

- Hər hansı vakant vəzifəyə seçkilər

- AFFA üzvlərinin təkliflərinin qəbul olunması

- Digər məsələlər

Son xəbərlər

Orphus sistemi