Bakı. 24 dekabr. REPORT.AZ/ AFFA-nın İntizam Komitəsi 2014-cü ilin son cəzalarını açıqlayıb. "Report" federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, Premyer Liqada iştirak edən klublardan ikisi azarkeşlərinə görə cəzalandırılıb.
Premyer Liqanın XVII turunun “Xəzər Lənkəran” – “Qarabağ” matçında “Xəzər Lənkəran” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Bundan başqa, oyunun 12-ci dəqiqəsində meydan sahibi azarkeşlər tərəfindən meydançaya kənar əşya atıldığına görə klub 2000 manat ödəməli olacaq.
“Sumqayıt” – “Qəbələ” matçında meydan sahibi komandanın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Oyunun 89-cu dəqiqəsində sumqayıtlı azarkeşlərin meydançaya kənar əşya atmasına görə klub 2000 manat cərimələnib.
"Bakı" klubu isə 1000 manat cərimə ödəyəcək. Buna səbəb “Bakı” – AZAL matçında paytaxtın eyni adlı klubunun 4 futbolçusunun sarı vərəqə ilə cəzalanmasıdır.
Eyni turda baş tutan “İnter” – “Neftçi” matçında qonaqların 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.