Dmitri Kramarenkonun Rusiya MOİK-inə gedişindən sonra Azərbaycan milli komandasında qapıçılar üzrə məşqçi təyin olunmuş Rauf Mehdiyev vəzifəsindən ayrılıb.
Bu barədə "Report"a 46 yaşlı veteran qolkiperin özü məlumat verib. Onun sözlərinə görə, ötən ilin noyabrında AFFA ilə müqaviləsi başa çatdıqdan sonra yığma ilə vidalaşıb: "Mənimlə 3 aylıq sözləşmə imzalanmışdı. müddət bitdikdən sonra yeni müqavilə təklif etmədilər. Buna görə də yollarımızı ayırdıq".
Hazırda "Sabah" klubunda çalışan Mehdiyev ona millidən yeni müqavilə təklifi olmamasının səbəbini bilmədiyini vurğulayıb: "Bu vəzifəyə təyin olunanda danışmışdıq ki, klubdakı işimi də davam etdirəcəyəm. Onlar da razılaşmışdılar. İnanmıram ki, ayrılıq qərarı iki yerdə çalışmağımla bağlı olsun".
Mütəxəssis Kamran Ağayevin yığmada analoji vəzifəyə təyin olunacağı ilə bağlı xəbərlərə də münasibət bildirib: "Açığı, məlumatım yoxdur. Mən də xəbərləri mətbuatdan oxuyuram".
Qeyd edək ki, 2004 - 2008-ci illərdə Azərbaycan millisinin formasını geyinən Rauf Mehdiyev "Neftçi", "Şəmkir", "Qarabağ", "Bakı", "Olimpik" və "Simurq" klublarında da çıxış edib.