AFFA Məşqçilər Komitəsinin sədri: “Azərbaycan millisinə əcnəbi mütəxəssis rəhbərlik etməlidir”

AFFA Məşqçilər Komitəsinin sədri: “Azərbaycan millisinə əcnəbi mütəxəssis rəhbərlik etməlidir” "Siyahı bəlli olandan sonra müzakirə aparıb, fikrimizi söyləyəcəyik”
Futbol
12 Dekabr , 2018 12:40
AFFA Məşqçilər Komitəsinin sədri: “Azərbaycan millisinə əcnəbi mütəxəssis rəhbərlik etməlidir”

Bakı. 12 dekabr. REPORT.AZ/ “Azərbaycan millisinin yeni baş məşqçisi əcnəbi olmalıdır”.

Bunu “Report”a AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov Azərbaycan millisinin vakant baş məşqçi postuna mümkün namizədlər haqqında danışarkən deyib. 

O bildirib ki, hazırkı vəziyyətdə ən doğru seçim ölkə xaricindən baş məşqçi dəvət etməkdir: “Azərbaycanın bir nömrəli məşqçisi Qurban Qurbanovun yığma ilə müqaviləsinə qarşılıqlı razılaşma ilə xitam verilirsə, deməli, komandaya əcnəbi mütəxəssis rəhbərlik etməlidir. Əsas komandanın baş məşqçisi bəlli olandan sonra aşağı yaş qrupları üzrə milli komandalar barədə danışmaq olar. Çünki bundan sonra strategiya müəyyənləşəcək və həmin yığmaların baş məşqçi postuna da namizədlər irəli sürüləcək. Məşqçilər Komitəsi məşqçi seçmir. Bizim işimiz təqdim edilən namizədlərlə bağlı rəy bildirməkdir. Siyahı bəlli olandan sonra müzakirə aparıb, fikrimizi söyləyəcəyik”.

V.Sadıqov Məşqçilər Komitəsinin yeni üzvlərlə birgə 2019-cu il üçün fəaliyyət planı hazırlayacağını da açıqlayıb: “Komitəmiz uşaq futbolundan tutmuş əsas yığmaya qədər bütün sahələrdə fəal iştirak edir. Milli komandalara baş məşqçi məsələsi həllini tapandan sonra komitə növbəti il üçün planını hazırlayacaq. Məqsədimiz təkcə futbolçuların deyil, məşqçilərin də üzə çıxmasına töhfə verməkdir. Hesab edirəm ki, inkişaf üçün yeni simaların aşkarlanması çox önəmlidir”.

Qeyd edək ki, AFFA İcraiyyə Komitəsinin ötən iclasında Azərbaycan milli komandasının son 1 il ərzində göstərdiyi nəticələr nəzərə alınaraq və “Qarabağ” klubunda fəaliyyəti üçün daha çox vaxt ayırmasına imkan yaradılması məqsədilə millinin baş məşqçisi Qurban Qurbanovla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Yaşar Vahabzadə və Şahin Diniyev isə Məşqçilər Komitəsinin üzvləri təyin olunub.

Son xəbərlər

Orphus sistemi