AFFA Klublar Komitəsinin sədri: "Daha çox gənc futbolçu oynadan klublara bonus verilə bilər" - MÜSAHİBƏ

AFFA Klublar Komitəsinin sədri: "Daha çox gənc futbolçu oynadan klublara bonus verilə bilər" - MÜSAHİBƏ AFFA Klublar Komitəsinin sədri Riad Rəfiyev komitənin bugünkü iclasından sonra brifinq keçirib.
Futbol
3 Sentyabr , 2019 13:20
AFFA Klublar Komitəsinin sədri: Daha çox gənc futbolçu oynadan klublara bonus verilə bilər - MÜSAHİBƏ

AFFA Klublar Komitəsinin sədri Riad Rəfiyev komitənin bugünkü iclasından sonra brifinq keçirib.

Eyni zamanda “Sumqayıt” klubunun prezidenti olan Rəfiyev “Report”un suallarını cavablandırıb...

- İclasın gündəliyində hansı məsələlər var idi?

- Gündəlikdə olan 3 məsələ müzakirə olundu. Birincisi, Azərbaycan Premyer Liqasının sponsoru ilə bağlı idi. Həmin sponsorun kimliyi, klublarla bağlılığı və klubların qazancı necə olacaq? İkinci məsələ Premyer Liqadakı limit idi. Şəxsən özüm belə bir təklif irəli sürdüm ki, hər əlavə futbolçu üçün hansısa sistem tətbiq olunsun. Klublar daha çox gənc futbolçu oynada bilsinlər və gənclər çox çıxış etsələr, klubların burada maddi xeyiri olsun. Bu ödəniş AFFA və ya Peşəkar Futbol Liqası (PFL) tərəfindən ola bilər. Belə bir sistemin müzakirəsi və necə tətbiq olunması müzakir olundu. Üçüncüsü isə klubların akademiyalarındakı futbolçuların təzminat məsələsi idi. Məsələn, akademiyadan gənc futbolçular başqa kluba keçəcəkləri təqdirdə nə qədər təzminat ödənilməlidir və s.

- Premyer Liqanın sponsorluğu ilə bağlı konkret təklif varmı?

- Ayın 6-da tenderin müddəti bitəcək. Bu vaxtdan sonra məlum olmalıdır. Bugünkü iclasa PFL-dən Aslan Şahgəldiyev və Elgiz Abbasov da dəvət olunmuşdu.

- Sponsorluq qarşılığında klublara ödəniləcək məbləğ barədə müzakirə aparıldı? 

- Hazırda sponsorla bağlı konkret qərar yoxdur. Ona görə də, məbləğ barədə də bir söz deyə bilməyəcəyəm.

- Gənc futbolçulara kompensasiya verilməsini qeyd etdiniz. Müəyyən olunan ortaq məbləğ varmı?

- Bunun yalnız müzakirəsi oldu, sistemin tətbiqinin mümkünlüyü barədə danışdıq. Hazırkı limitə əsasən, start heyətində 6 legioner, 1-i 1998-ci il təvəllüdlü və daha gənc olmaqla, 5 azərbaycanlı yer almalıdır. Matçın protokolunda isə 2000-ci il təvəllüdlü Azərbaycan vətəndaşı və ya daha gənc 1 oyunçunun olması mütləqdir. Amma sabah klublardan hansısa daha çox futbolçu oynatsa, meydanda olacağı müddətdən asılı olaraq, həmin klublara AFFA tərəfindən hansısa bonusun verilməsi müzakirə olundu.

- "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov və "Zirə"yə rəhbərlik edən Samir Abasov limitlə bağlı şikayətlərini bildiriblər. Onlar limitin işlərini çətinə saldığını deyiblər. Bu məsələ müzakirə edildi?

- Kimi çətinə salır və ya kim xeyir görür, bu barədə danışıq olmadı. Müzakirə mövzusu limitdən əlavə, gənc futbolçuların oynayacağı təqdirdə, hansısa bonusun klublara verilməsi idi. Bu isə baş məşqçinin şəxsi işidir. İstəsə, oynadar, istəməsə, yox.

- PFL prezidenti Ramin Musayev də növbəti mövsümdən limit məsələsinə yenidən baxılacağını deyib. Limit ləğv olunsa, "Sumqayıt"ın işi çətin olmayacaq? Gənclərə şans verən və ən çox yerli futbolçulara güvənən sizin klubdur...

- Premyer Liqadakı 3 matçımıza baxsanız, görərsiniz ki, heyətdə minumum 3 gənc oyunçu var. Son turda "Neftçi" ilə oyunda da belə idi. Düşünürəm ki, bizim üçün problem olmayacaq. Bu günə kimi çalışmışıq və üstünlüyü gənclərə vermişik. Eyni yolla da davam edəcəyik.

- "Sumqayıt" klubu "Neftçi" ilə matçda baş verənlərlə bağlı üzr istədi. Buna ehtiyac var idi?

- Bunu hər kəs özünə görə başa düşür. Biz oyunda baş verənlərə görə futbol ictimaiyyətindən üzr istəmişik. Mənim fikrimdə belədir ki, orada yaşananlar olmamalı idi. Bu, heç də yaxşı hadisə deyil. Fərqi yoxdur, "Sumqayıt" və ya "Neftçi" oynayır. Biz konkret olaraq futbol ictimaiyyətindən üzr istəmişik. Bunu kim necə istəyir, elə də başa düşə bilər. Yaşananlar baş verməməli idi. Çalışacağı ki, olmasın.

- "Neftçi"nin məşqçisi Etibar Tarıverdiyev baş məşqçiniz Ayxan Abbasovu vurması, "Neftçi"nin "feyr-pley"ə əməl etməməsi, Anton Krivotsyukun sosial şəbəkə vasitəsi ilə üzr istəməsi və s. məsələlərə necə şərh vermək olar?

- Məndən AFFA İntizam Komitəsinin qərar verəcəyi məsələləri soruşursunuz. Onlar Etibar Tarıverdiyevə qarşı nə qərar çıxaracaqlar, bunu deyə bilmərəm. "Feyr-pley" isə yazılmayan qanundur. Burada heç kimi günahlandıra bilmərəm ki, niyə belə oldu.

- Limitə düşən daha çox futbolçu oynadacaq komandalara həvəsləndirici mükafatın ayrılması ilə bağlı təklifə AFFA, PFL və digər 7 klubun münasibəti necə oldu?

- Hələlik bu məsələ AFFA qarşısında qaldırılmayıb. Milli assosiasiyaya müraciət etməmişik və hazırda öz aramızda müzakirə apardıq ki, belə bir məktub yazaq, klubların əlavə qazancı olsun. Bu, həm də milli komandalara əlavə üstünlük olacaq. Çünki daha çox gənc futbolçu Premyer Liqada oynayacaq. Hər bir klub öz fikrini bildirdi. Buna PFL yox, AFFA İcraiyyə Komitəsi qərar verəcək. Çünki orada klublara ödənilməli məbləğlər göstəriləcək. Biz yalnız bu məsələni İcraiyyə Komitəsinin qarşısında qaldıra bilərik. Bu gün bununla bağlı klublar arasında səsvermə yox, müzakirə oldu. Bir aydan sonra Klublar Komitəsi yenə yığışacaq. Həmin vaxt konkret addımlar atıla bilər.

- Rusiyanın gənclər yığmasının keçmiş müdafiəçisi Cəmaləddin Xocaniyazovun “Sumqayıt”a keçidi gözlənilir. O, bura Azərbaycan millisinə düşmək məqsədi ilə gəlir?

- Azərbaycan millisində oynamaq istəyi olmasaydı, bununla bağlı AFFA-ya rəsmi müraciət etməsəydi, onu “Sumqayıt”a götürməzdik. Buna mənim səlahiyyətim də çatır. Özü müraciət edib və ona görə də dəvət etmişik. Bir neçə günə rəsmi təqdimatı olacaq.

- Aleksey İsayevin “Neftçi”yə keçidi məsələsi nə yerdədir?

- Onun “Sumqayıt”la daha bir il müddətinə rəsmi müqaviləsi var. Hazırda gündəmdə belə məsələ yoxdur.

- Azərbaycanın U-21 yığmasının baş məşqçisi Milan Obradoviç daha çox gənclərə üstünlük verən “Sumqayıt”dan heç kimi toplanışa dəvət etməyib. Hərçənd, martda onların sayı 7 idi. Bu, əvəzedici komandanın sabiq baş məşqçisi Elbrus Məmmədovun gedişi ilə bağlıdır, yoxsa bu kluba antipatiyası var?

- Antipatiyasının olmasına inanmıram. Sadəcə, baş məşqçinin qərarıdır. Fikrimcə, bizim bu qərarı müzakirə etməyimiz düzgün olmaz. Bu sualı mənə verməməlisiniz.

- Gənclərə daha çox bel bağlayan klub prezidenti kimi bunun səbəbi ilə maraqlanmamısınız?

- Yenə deyirəm: hər məşqçinin öz fikri var. Ola bilər ki, bu gün 1 nəfər çağırıb, növbəti oyuna 7 nəfər dəvət etsin. Daha öncə “Sumqayıt”dan 7 oyunçu dəvət edəndə, ordan-burdan eşdiridim ki, digərləri “niyə onlardan çox çağrılıb” deyirlər. Ötən mövsüm əvəzedici komandamız I Divizionda 2-ci yeri tutdu. Yaxşı kollektivimiz vardı, indi oradan xeyli sayda futbolçu əsas komandadadır. Həmin vaxt 7 nəfərin dəvət edilməsi normal idi. İndi isə səhv etmirəmsə, hər klubdan 2 nəfər çağrılıb. Yəni, heç bir komandadan çox adam götürməyib. Heç bir baş məşqçi yaxşı futbolçudan imtina etməz. 

Son xəbərlər

Orphus sistemi