AFFA-da vəzifə bölgüsü: Elxan Məmmədov və Sərxan Hacıyevin səlahiyyətləri

AFFA-da vəzifə bölgüsü: Elxan Məmmədov və Sərxan Hacıyevin səlahiyyətləri AFFA-nın icraçı-vitse prezidentinin səlahiyyətləri baş katibin imtiyazlarından üstündür.
Futbol
212
18 Mart , 2022 10:33
AFFA-da vəzifə bölgüsü: Elxan Məmmədov və Sərxan Hacıyevin səlahiyyətləri
Elxan Məmmədov və Sərxan Hacıyev

AFFA-nın icraçı vitse-prezidentinin səlahiyyətləri baş katibin imtiyazlarından üstündür.

"Report"un məlumatına görə, səlahiyyət bölgüsü milli assosiasiyanın 8 yanvar 2020-ci ilin tarixli növbədənkənar Konfransında təsdiqlənmiş Nizamnaməsində əksini tapıb.

Həmin Nizamnaməyə əsasən, AFFA-da icraçı vitse-prezident qurumun prezidentindən sonra ikinci şəxs hesab olunur.

İcraçı vitse-prezidentin əsas vəzifələri prezident və ya baş katib olmadıqda onun səlahiyyətlərini müəyyən edilmiş qaydada həyata keçirmək, üçüncü şəxslər qarşısında AFFA-nı təmsil etməklə müvafiq sənədləri imzalamaq, baş katibliyin, milli assosiasiyanın hüquq tətbiqedici orqanlarının və komitələrinin fəaliyyətinə nəzarət etməkdən ibarətdir.

Bundan başqa, o, AFFA-nın müvafiq struktur bölmələrindən, hüquq tətbiqedici orqanlarından, komitələrindən və üzvlərindən məlumat və sənədlər almaq, prezidentin göstəriş və tapşırıqlarını icra etmək, Konfransın və İcraiyyə Komitəsinin iclaslarının protokollarının təsdiqləmək hüququna malikdir.

AFFA prezidenti yerində olmadıqda və ya hər hansı səbəbdən İcraiyyə Komitəsinin iclaslarında iştirak edə bilmədikdə, onu icraçı vitse-prezident əvəz edir. Milli assosiasiya rəhbəri vaxtından əvvəl vəzifədən getdikdə, istefa verdikdə və ya hər hansı səbəbdən, öz səlahiyyətlərini icra etməsi mümkün olmadıqda, növbəti Konfransadək onun bütün səlahiyyətlərini icraçı vitse-prezident yerinə yetirir. Bu müddət ərzində prezidentin səlahiyyətlərini yerinə yetirən icraçı vitse-prezident istefa verdikdə və ya hər hansı səbəbdən bu səlahiyyətləri icra etməsi mümkün olmadıqda, digər vitse-prezidentlərdən bu vəzifədə ən uzun müddət çalışan şəxs prezidentin səlahiyyətlərini icra edir.

Baş katiblik isə AFFA-nın daimi inzibati orqanıdır. Onun konkret funksiyalarına orqan və komitələrin qərarlarının həyata keçirilməsi, Konfrans, habelə digər orqan və komitələrin iclasları üçün hazırlıqların görülməsi, Konfransın və İcraiyyə Komitəsinin iclaslarının protokollarının hazırlanması və imzalanması, AFFA-nın yazışmalarının idarə edilməsi, mühasibat işinin və inzibati işlərin təşkili və ictimai əlaqələrin qurulması daxildir.

Baş katib bu vəzifədən irəli gələn işlər üçün məsuliyyət daşıyır. Onu İcraiyyə Komitəsi təyin edir. Baş katib öz vəzifələrini əmək müqaviləsi əsasında həyata keçirir.

O, baş katibliyin bütün funksiyalarının həyata keçirilməsi üçün cavabdehdir. Prezidentin təsdiqindən sonra maliyyə məsələlərini yerinə yetirir və Baş katiblikdə çalışan personalın işlə təmin olunmasına nəzarət edir.

Bundan başqa, Konfransda, İcraiyyə Komitəsinin və komitələrin iclaslarında məşvərətçi rolunda iştirak edir. Özü iştirak edə bilmirsə, onda əvəzləyici kimi başqa şəxsi təyin edir.

Baş katib həmçinin daimi və müvəqqəti komitələrin fəaliyyətlərini əlaqələndirir. O, üçüncü tərəflər qarşısında AFFA-nın adından sənədləri imzalamaqla öhdəlik qəbul edə bilər.

AFFA-nın prezidenti, icraçı vitse-prezidenti və baş katibi ayrı-ayrılıqda qurumun adından vəkalətnaməsiz fəaliyyət göstərməklə dövlət hakimiyyəti orqanları, yerli və xarici hüquqi şəxslər, idarə və təşkilatlar, eyni zamanda beynəlxalq təşkilatlarla və bununla məhdudlaşmayaraq istənilən üçüncü şəxslə münasibətdə milli assosiasiyanı təmsil etmək və sənədlər imzalamaq hüququna malikdirlər.

Qeyd edək ki, AFFA İcraiyyə Komitəsinin son iclasında qurumun icraçı vitse-prezidenti Elxan Məmmədovun köməkçisi Sərxan Hacıyev baş katib təyin olunub.

Son xəbərlər

Orphus sistemi