“Zirvə”dən Olimpiya zirvəsinə aparan Oyunlar - TƏHLİL

“Zirvə”dən Olimpiya zirvəsinə aparan Oyunlar - TƏHLİL “Azərbaycana birinci gəlişim və ilk beynəlxalq yarışım idi. Çox sevinirəm ki, bütün rəqiblərimi məğlub edərək qızıl medal qazana bildim. Burada hər kəs mənimlə dost kimi davrandı, yaxşı məşq etmək, yarışmaq üçün bütün imkanları yaratdılar. Buna görə təşkilatçılara təşəkkürümü bildirirəm”.
Fərdi
10 İyul , 2019 15:38
“Zirvə”dən Olimpiya zirvəsinə aparan Oyunlar - TƏHLİL

“Azərbaycana birinci gəlişim və ilk beynəlxalq yarışım idi. Çox sevinirəm ki, bütün rəqiblərimi məğlub edərək qızıl medal qazana bildim. Burada hər kəs mənimlə dost kimi davrandı, yaxşı məşq etmək, yarışmaq üçün bütün imkanları yaratdılar. Buna görə təşkilatçılara təşəkkürümü bildirirəm”.

Bunu Azərbaycanda VII "Zirvə" Beynəlxalq Uşaq Oyunlarında iştirak etmiş özbəkistanlı boksçu Cəmaləddin Xalıqov deyib. Basketbol yarışının qalibi Azra Pınar Uzun isə çempion olmalarına xeyli sevindiklərini söyləyir. Türkiyəli idmançı sanki kiçik Olimpiya Oyunlarında iştirak etdiklərini vurğulayır: “Çox həyəcanlı idik. Komandamız yaxşı oyun nümayiş etdirdi. Sona qədər mübarizə apardıq. Çempion olduğumuza görə çox sevincliyik. Yarışlar çox yaxşı təşkil olunmuşdu. Sanki kiçik Olimpiya Oyunlarında iştirak etmiş kimiyik. Azərbaycanda özümüzü elə evdəkitək hiss edirdik. Buradakı insanların bizə münasibəti çox xoş oldu”.

Olimpiadaya hazırlıq xarakterli Oyunlar

5 - 28 mayda Xırdalan və Astara şəhərlərindəki AAAF Park Yaşayış, İdman, İstirahət və Əyləncə komplekslərində təşkil olunmuş VII "Zirvə" Beynəlxalq Uşaq Oyunları olimpiada ovqatında keçdi. Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş yarışlarda 27 idman növündə 12 ölkənin 300-dək klubunu təmsil edən 4 mindən çox uşaq idmançı qüvvəsini sınadı. Onlar ağırlıqqaldırma, atçılıq, atıcılıq, basketbol, boks, cüdo, futbol və çimərlik futbolu, bədii və idman gimnastikası, sərbəst və yunan-Roma güləşi, karate, kartinq, kikboksinq, qılıncoynatma, kamandan oxatma, pauerliftinq, şahmat, taekvondo, tennis və stolüstü tennis, üzgüçülük, çimərlik voleybolu və voleybol, badminton, atletika növlərində medallar uğrunda mübarizə apardılar. Məqsəd idman növlərinin yerlərdə təbliği və inkişafı, idmançılar və məşqçilər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyələrinin artırılması və təkmilləşdirilməsi, yarış vərdişlərinin mükəmməlləşdirilməsi, məşqçi-müəllimlərin işlərinin qiymətləndirilməsindən ibarət idi.

Təbii ki, azərbaycanlı idmançıların hansı nəticələrə imza atacaqları daha böyük maraq doğururdu. Bu baxımdan, ilk 3 yeri "AAAF Park Zirvə" 63 (20 qızıl, 22 gümüş, 21 bürünc), "Neftçi" 44 (12 qızıl, 9 gümüş, 23 bürünc) və "Sumqayıt-Təhsil" 13 (9 qızıl, 3 gümüş, 1 bürünc) medalla tutdu.

Atletlər arasında mübarizənin qalibi olan Zəhra Heydərli belə yarışa ilk dəfə qatıldığını diqqətə çatdırır. O, həyəcanlı olsa da, qələbə qazanmağı bacardığına diqqət çəkir: “Zirvə" Oyunlarında çıxış etmək mənim üçün çox yaxşı oldu. Gücümü sınadım, təcrübə əldə etdim. Arzum, hədəfim gələcəkdə Olimpiya Oyunlarında iştirak etmək, ölkəmizə medallar gətirməkdir”.

Sərbəst güləş yarışlarının qızıl medalçısı Namiq Abbaslı isə ilk dəfə beynəlxalq yarışda medalçı olduğunu vurğulayır: "İndiyə qədər bir çox şəhər və regional turnirlərdə mükafatlar qazanmışdım. Lakin beynəlxalq yarışda ilk dəfə çıxış edirdim. Ona görə də qələbəmə çox şadam. Gələcəkdə daha böyük beynəlxalq sınaqlarda – Avropa, dünya çempionatları, Olimpiya Oyunlarında da eyni uğuru təkrarlamaq istəyirəm”.

Tofiq Heydərov: “İdman növlərinin sayını 9-dan 27-yə qaldırdıq”

Bəs sayca 7-ci dəfə təşkil olunan "Zirvə" Beynəlxalq Uşaq Oyunları ideyası haradan yaranıb? Bu məqsədlə Oyunların təşkilatçısı "Zirvə" klubunun prezidenti Tofiq Heydərovla söhbətləşdik. O bildirdi ki, ilk dəfə bu klubu açanda kiçik yaşlılar üçün yarışlara ehtiyac hiss edib. Əvvəlcə ağırlıqqaldırma üzrə turnir, 2006-cı ildən isə "Zirvə" Oyunları təşkil olunub. 2013-cü ildən bura cüdo, futbol və gimnastika növləri də əlavə edilib: "Artıq hər il “Zirvə” Oyunlarını keçirirdik və "AAAF Park"da idman növlərinin sayı artdıqca yarışlara yeniləri əlavə olunurdu. Oyunlar ötən il 9 növ üzrə keçirilmişdisə, bu ildən klubumuzun xaricdəki bölmələrini də dəvət etməklə, bütün olimpiya növləri üzrə təşkil etməyi qərara aldıq. Əsas məqsəd idmançıları 2022-ci ildə Seneqalın paytaxtı Dakarda keçiriləcək Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarına hazırlamaqdır. Yarışlarımızda seçilən idmançılar təlim-məşq toplanışlarına cəlb ediləcəklər və olimpiadaya hazırlaşacaqlar".

T.Heydərov idman növlərinin sayındakı üçqat artıma heç də asanlıqla nail olmadıqlarını da vurğuladı: “Avadanlıqlar, məsələn, güləş döşəkləri aldıq. Çimərlik voleybolu üçün Astaradakı meydanı lazımi səviyyədə hazırladıq. İlk dəfə taekvondo yarışı keçirdik. Təkcə taekvondo və karate yarışlarında 1000-dək idmançı çıxış etdi. Daha çox dəvət etsəydik, bir az da kütləvilik olacaqdı”.

“Kütləviliyi 10 min nəfərə çatdıracağıq”

Xırdalandakı “AAAF Park”da keçirilmiş açılış mərasimində Azərbaycan bayrağını Oyunların debütantı, “Toradi-Zirvə” klubunun təmsilçisi İranə Qüdrətzadə qaldırdı. O, ilk dəfə atletika yarışlarında çıxış etdi. T.Heydərov bu addımın heç də təsadüfi olmadığını bildirdi: “Əsas məqsədlərimizdən biri də kəndlərdən, regionlardan istedadlı uşaqları yarışlara cəlb etməkdir. Yay Olimpiya Oyunlarının açılışındakı kimi hissləri uşaqlara yaşatmağa çalışırıq. İnanıram ki, bu Oyunlardan sonra istər “AAAF Park” sakinlərinin, istərsə də ilk dəfə məşğul olanların idmana bağlılığını 100 faizədək qaldıracağıq”.

Klub prezidenti hədəf olaraq basketbol 3X3, çimərlik voleybolu, tennis kimi dünyaca populyar növləri Azərbaycanda inkişaf etdirmək istədiklərini bildirdi: “Biz bir tennisçini yetişdirəriksə, Azərbaycan idmanını daha tez populyar edərik. Əsas növlərimiz yüksək nəticələr verdiyimiz güləş, cüdo, ağırlıqqaldırma və s.-dir. Amma bunlar dünyada o qədər də populyar deyillər. Əvəzində üzgüçülük, basketbol, tennis, atletika daha çox tanınıb. “Zirvə” Oyunlarında Azərbaycan Atletika Federasiyası bizə 50 hakimlə dəstək verdi. Gələn il atletika yarışlarında 3000-dək uşağın iştirakı gözlənilir. İştirakçılar sırasından yeniyetmələr olimpiadasında medal qazananların çıxacağına inanıram. Bunu, sadəcə, hissiyyatım deyir. İşimiz təkcə yarış keçirməkdən ibarət deyil. Ağırlıqqaldırma növündə elə sistem qurmuşuq ki, 10 - 15 yaşlı uşaqlar üçün təlim-məşq toplanışları təşkil edirik. Onlar 15 yaşda olanda beynəlxalq səviyyəli turnirlərdə qalib olmalıdırlar. Artıq iki ildir yeniyetmə ağırlıqqaldıranlarımız Avropa və dünya çempionatlarında yüksək nəticələrə imza atırlar. Bu sistemi bütün idman növlərində həyata keçirəcəyik. Bütün növlərə eyni qaydada baxacağıq”.

“Zirvə” Oyunlarının bütün iştirakçılarına sertifikatların verildiyini deyən T.Heydərov gələn yarışlarda onların idman geyimləri ilə təmin olunmalarına çalışacaqlarını bildirdi. Onun sözlərinə görə, 2000 iştirakçı arasından 300 dəst və ya 1000 medala layiq görülənlərin hamısı Oyunların loqosunun bəzədiyi formalarla təmin olunublar. Klub prezidenti gələn il kütləviliyi 10 min nəfərə qaldırmaq istədiklərini də vurğuladı: “Heç bir festival və olimpiadada bu qədər idmançı iştirak etmir. Biz hər yerdən 2-3 istedadlı uşağı seçərək “Zirvə” Oyunlarına cəlb etmək niyyətindəyik. Bu, ilk genişmiqyaslı yarışımız idi və çox uğurlu alındı. Gələn illərdə təşkilatçılığımızın daha yaxşı və nəticələrin bundan yüksək olacağına inanıram”.

“Olimpiadalarda medallarımızın azlığı bizi narahat edir”

“Zirvə”nin prezidenti uşaq idmanındakı boşluqlardan da danışdı. Onun sözlərinə görə, 9 – 15 yaşlı uşaqlardan idmançı yetişdirmək məhz klubların üzərinə düşür. T.Heydərov bu məsələdə digər klublardan dəstək gözlədiklərini bildirdi: “Ötən ilin yekunları ilə əlaqədar keçirdiyimiz tədbirə bütün federasiya və cəmiyyətləri dəvət etmişdik. 15 - 17 yaşdan sonra yığma komandaya düşürsənsə, orada şərait çox gözəldir, federasiyalar yarışları çox yüksək səviyyədə təşkil edirlər. Amma 9 - 15 yaşlıların qatıldıqları uşaq idmanını inkişaf etdirmək klubların üzərinə düşür. Əslində bununla federasiyalar məşğul olmamalıdırlar. SSRİ dövründə klubların sayı həddən artıq idi. Bu gün isə dövlətin nəzarətində olan "Təhsil", "Neftçi" və s.-dən başqa digər idman cəmiyyətləri dağılıb. Bax bu boşluq nəticələrimizə təsir edir. Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirakçı sayımız, medallarımız istənilən qədər olmur. Bu da bizi çox narahat edir. Ona görə də Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi ilə birgə təşəbbüs irəli sürdük ki, bütün klublar atdığımız addıma qoşulsunlar və birgə fəaliyyət göstərək. Son "Zirvə” Oyunlarında bütün cəmiyyətlər iştirak etdilər. Təkcə "Neftçi"dən 250 idmançı qatılmışdı. Onlar üçün də belə yarışların tez-tez keçirilməsi çox maraqlıdır. Oyunlarda Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, federasiya rəhbərləri iştirak etdilər. Bu qurumlara da çox rahatdır ki, yığma komandalara uşaqlar hazırlayan, uşaq idmanını inkişaf etdirən klublar var. İnanıram ki, irəli sürdüyümüz təşəbbüsdən sonra gələn il keçiriləcək “Zirvə” Oyunlarında birgə fəaliyyət proqramı hazırlayacağıq və hamı bizə dəstək olacaq”.

“Məktəbi qursaq, nə Tofiq Heydərova, nə də "Zirvə"yə ehtiyac olacaq”

İdman funksioneri Azərbaycanın bütün bölgələrində inşa olunmuş Olimpiya komplekslərinin imkanlarından geniş istifadəni vacib sayır. T.Heydərovun sözlərinə görə, yüksək nəticələr məhz bundan sonra olacaq: “Macarıstan 2018-ci ildə Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilmiş Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında 24 medal, o cümlədən 12 qızıl medal qazandı. Halbuki, özlərinin sosializm dövründən qalma cəmi bir Olimpiya Kompleksi var. Azərbaycanda isə 50-yə yaxın Olimpiya Kompleksi mövcuddur. Biz artıq klubları bu komplekslərdə yerləşdirməli, onlara şərait yaratmalıyıq. "Zirvə" klubunun hazırda 2 kompleksdə zalı var. İsmayıllı Olimpiya Kompleksində zirzəmidə ağırlıqqaldırma zalı qurmuşuq. Oradan Avropa çempionu Məhəmməd Məmmədli çıxdı. İndi Selcan Qarayeva yetişməkdədir. Sumqayıt Olimpiya Kompleksindəki ağırlıqqaldırma zalında məşq edən Murad Əliyev də Avropa çempionu oldu. Biz Olimpiya komplekslərinə girməli, birgə işləməliyik. O zaman nəticələrimiz də olacaq. Bütün komplekslərimiz üzünü açmalıdır. Məşqçilərin orada da məşqlər keçmələri üçün imkan yaradılmalıdır. Çünki hədəfimiz birdir. Çətini isə işə başlamaqdır. Məktəbi qursaq, nə Tofiq Heydərova, nə də "Zirvə"yə ehtiyac olacaq. Artıq o məktəb özü işinə davam edəcək”.

Elşən MƏMMƏDOV

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir

Son xəbərlər

Orphus sistemi