Yolu bölüşə bilməyən avtomobil sürücüləri və velosipedçilər, çatışmayan məşqçilər və bahalı velosipedlər - TƏHLİL

Yolu bölüşə bilməyən avtomobil sürücüləri və velosipedçilər, çatışmayan məşqçilər və bahalı velosipedlər - TƏHLİL "Report"un əməkdaşı velosiped idmanının problemlərindən yazır
Fərdi
140
26 Oktyabr , 2018 14:25
Yolu bölüşə bilməyən avtomobil sürücüləri və velosipedçilər, çatışmayan məşqçilər və bahalı velosipedlər - TƏHLİL

Bakı. 26 oktyabr. REPORT.AZ/ Son illər Azərbaycanda velosipedə maraq xeyli artıb. Velosiped idmanı ilə məşğul olan insanların sayı çoxalıb, 2018-ci ildə isə Bakı şəhəri velosipedin BMX növü üzrə dünya çempionatına ev sahibliyi edib.

Amma bu sahənin bir sıra problemi də özünü büruzə verir. Velosipedçilər qiymət bahalığından, bölgələrdə veloməktəb və velotreklərin olmamasından, həmçinin ayrıca velosiped yollarının qıtlığından şikayətlənirlər.

Paytaxtdakı velosiped mağazasında satıcı-təlimatçı kimi çalışan Azər  Qasımov "Report"un əməkdaşı ilə söhbətində bildirib ki, son 3 ildə alıcılıq səviyyəsi bir qədər aşağı düşüb. Halbuki, onun sözlərinə görə, bu göstərici 2013 - 2015-ci illərdə xeyli yüksək olub.

Qasımov velosipedin növləri, qiyməti və servis xidməti barədə də danışıb: "Qadın və kişi velosipedləri müxtəlifdir. Lakin ölkəmizdə kimə nə rahatdırsa, onu da sürür. Alıcı, adətən, dağ tipli velosipedə üstünlük verir. 2 yaşdan yuxarı uşaqlar üçün də velosiped satılır. Qiymətə gəldikdə, normal velosiped 300 manatdan, detalları isə 5 manatdan başlayır. Qiymət onların istehsal edildiyi ölkələrdən asılıdır. Dükanda təmir xidməti də təklif edirik. Həmçinin, aksessuar da satılır və buna maraq çoxdur”.

İsmayıllını təmsil edən velosipedçi Əli İmamverdiyev isə bölgələrdə veloməktəb və velotreklərin olmamasından şikayətlənib: “Məktəblərdə bu idman növünün inkişafı üçün təbliğat aparılmalıdır. Təkcə paytaxtda deyil, bölgələrdə də veloməktəblərin olması inkişafa səbəb ola bilər. Həmçinin, velosiped yollarının olmaması digər nəqliyyat vasitələrinin bizə maneə törətməsinə gətirib çıxarıb. Yarışa hazırlaşmaq üçün maşın yollarında məşq edirik. Ancaq velotrek İsmayıllıda olsaydı, təhlükəsiz halda orada çalışardıq”.

Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) mətbuat katibi Pərviz Musayev "Report"a bildirib ki, ölkədə velosiped idmanına marağın artmasında "Tour d Azerbaidjan" veloyürüşünün böyük rolu var: “Bir neçə il əvvəl insanlar rahat şəkildə velosiped sürə bilmirdilər. Lakin son illərdə bu tendensiya müsbət istiqamətdə dəyişib. Ölkədə nəinki kişi, hətta qadın velosipedçi qrupları da var. Bu idman növünə marağın artmasında “Tur d Azerbaidjan” yarışının rolu böyük olub. Bu yarış ilk dəfə 2012-ci ildə ümummilli lider Heydər Əliyevin xatirəsinə keçirilib. Analoji yarışlar hər il davam etdirilib. Lakin bu il BMX üzrə dünya çempionatı Bakıda keçirildiyi üçün velotur gələn ilə ertələnib. Federasiyanın İsmayıllı, Zaqatala və Oğuzda bölmələri açılıb. Həmçinin, bölgələrdə tez-tez həvəskarlar arasında yarış keçiririk”.

Musayev velosiped idmanının regional problemlərinə də toxunub: “Veloməktəblərin bölgələrdə geniş yayılmamasının səbəbi məşqçilərin paytaxtda cəmlənməsindədir. Keçmiş idmançıların əksəriyyəti artıq məşqçi kimi çalışır. Lakin bölgələrdə məşqçi sayı çox azdır. Peşəkar yarış üçün nəzərdə tutulmuş bütün velosipedlər bahalıdır. Yeni başlayanlar isə adətən, nisbətən ucuz velosipeddən yararlanırlar. Daxili istehsal zavodumuz İsmayıllıda yerləşir. Burada hər növ velosiped istehsal olunur. Qiymət isə 150 - 200 manatdan 2000 manatadəkdir”.

Federasiya rəsmisi velosiped yolları sarıdan yaşanan problemlərə də diqqət çəkib: “Velosiped yolları həm idmançılar, həm də həvəskarlar üçün problemli məsələdir. AzVİF olaraq, əsas vəzifəmiz bu idman növünü inkişaf etdirməkdir. Məsələ ilə əlaqədar bir neçə dəfə müvafiq qurumlara müraciət etmişik. Bu, bizim səlahiyyətimizdə olan məsələ deyil. Əvvəldən şəhərin yol planında bu cür yollar nəzərdə tutulmayıb. Ötən ilin yayında Binəqədi - Novxanı istiqamətində velosipedçilər üçün bir neçə km-lik zolaq ayrılıb. Həmçinin, avtomobil sürücüləri ilə velosipedçilər yolu bölüşə bilmirlər. Bu səbəbdən, hətta bir neçə qəza hadisəsi də olub”.

Qeyd edək ki, Avropa ölkələrinin əksəriyyətində velosiped idmanının inkişafı üçün çox geniş imkanlar yaradılıb. Nümunə kimi Fransanı misal gətirmək olar. Burada Luar vadisində salınmış velosiped şosesi dünyada ən yaxşı yollardan sayılır və uzunluğu 55 km-dir.

Həmid HƏMİDOV

Son xəbərlər

Orphus sistemi