​Yaşar Bəşirov: "Karateçilərimiz 6 aydır maaş ala bilmir"

​Yaşar Bəşirov: "Karateçilərimiz 6 aydır maaş ala bilmir" "Azərbaycan Beynəlxalq Bankı ilə yeni müqavilə bağlayacağıq"
Fərdi
20 Oktyabr , 2015 14:34
​Yaşar Bəşirov: Karateçilərimiz 6 aydır maaş ala bilmir
Yaşar Bəşirov / Report

Bakı. 20 oktyabr. REPORT.AZ/ "Maliyyə çətinliklərimiz var. Baş sponsorumuz Azərbaycan Beynəlxalq Bankının yeni rəhbərliyi ilə görüşmüşəm. Söz veriblər ki, həmişə olduğu kimi, federasiyamıza diqqət olacaq". Bunu "Report"a açıqlamasında Azərbaycan Karate Federasiyasının (AKF) prezidenti Yaşar Bəşirov deyib.

Azərbaycan Beynəlxalq Bankının (ABB) İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyevin vəzifəsindən uzaqlaşdırılmasından sonra maliyyə çətinliyi ilə üzləşən federasiya gözləməyə üstünlük verib. Y.Bəşirovun sözlərinə görə, bank əvvəl olduğu kimi yenə də sponsorluğunu davam etdirəcək: "Düzdür, 5-6 aydır uşaqlar maaş ala bilmir. Ancaq bu çətinlik dəyişikliklə əlaqədardır. Bankdan bizə bildiriblər ki, federasiyanın hara borcu varsa, hamısı ödəniləcək və maaşlar veriləcək. Sadəcə, hər şeyin qaydasına düşməsi üçün bir az vaxt lazımdır. Beynəlxalq Bankla yeni müqavilə imzalayacağıq. Amma dəqiq tarix hələ məlum deyil. Düşünürəm ki, yeni müqavilə 1 illik olacaq".

Federasiya prezidenti rəhbərlik etdiyi qurumda yaranan maddi çətinliyin Gənclər və İdman Nazirliyinin diqqətində olduğunu deyib. Onun sözlərinə görə, nazir Azad Rəhimovun da diqqət və köməyi olur: "Azad müəllim deyir ki, bu federasiya diqqətdən kənarda qala bilməz".

Qurum rəhbəri karatenin 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarının proqramına daxil edilmə ehtimalından da danışıb. O, bildirib ki, "Tokio-2020"nin Təşkilat Komitəsi karatenin 5 il sonrakı olimpiadanın yarış proqramına əlavə idman növü kimi daxil edilməsi təklifini irəli sürüb. Beynəlxalq Olimpiya Komitəsi (BOK) tərəfindən qeydə alınan təklif 2016-cı ilin avqustunda Braziliyanın paytaxtı Rio-de-Janeyroda BOK-un 129-cu Sessiyasında qəbul olunacaq: "Olimpiada Yaponiyada keçiriləcək və onlar bu idman növünü çox sevir. Həmin proqrama daxil edilmək üçün 5 idman növü müzakirə ediləcək. Düşünürəm ki, bunların içərisində ən böyük şansı olan karatedir. Biz də qərarın verilməsini gözləyirik. Üstəlik BOK-un prezidenti Tomas Bax da Bakıda keçirilmiş Avropa Oyunları zamanı müsbət fikirlərini bildirmişdi. Dünya Karate Federasiyasının prezidenti Antonio Espinoz yüksək təşkilatçılıqla bağlı bizə təbrik məktubu göndərib. İnanırıq ki, hər şey müsbət nəticələnəcək".

Son xəbərlər

Orphus sistemi