Yuxarı

Yaşar Bəşirov: "Deməzdim ki, Azərbaycan Beynəlxalq Bankının karateyə dəstəyi azalıb"

Mən onlara məktubla müraciət etmişəm

Bakı. 11 aprel. REPORT.AZ/ Aprelin 22-də Azərbaycan paytaxtında karate üzrə beynəlxalq "Baku Open" turnirinə start veriləcək. Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun "Report"a verdiyi məlumata görə, sayca 7-ci dəfə keçiriləcək turnirə 10-dan çox ölkə qatılacaq. 

Hər il bu yarışa marağın artdığını söyləyən Y.Bəşirov karatenin nüfuzunun qalxdığını bildirib: "Baku Open" Rusiyanın "Boets" kanalı vasitəsilə yayımlanacaq. İnanıram ki, idmançılarımız bu yarışda da uğur qazanacaqlar. Dubaydan yeni gəldiyimizdən, hələ heyət haqda heç nə deyə bilməyəcəm. Bunu məşqçilər müəyyənləşdirəcək. Avropa çempionatı ərəfəsi olduğundan, bəzi idmançılar gəlməyə bilər. Onlar zədədən çəkinirlər. Yarışlar Sərhədçi idman Olimpiya Kompleksində keçiriləcək".

Federasiya rəhbəri "Baku Open"ə maliyyə dəstəyi verməsi üçün Azərbaycan Beynəlxalq Bankına müraciət etdiklərini söyləyib: "Mən onlara məktubla müraciət etmişəm. Ümumi vəziyyətlə əlaqədar maliyyə azdır. İstərdik ki, mükafat da verə bilək. Mükafat ayrılmalıdır. Bütün ölkələrdə belə keçirilir. "Baku Open"in ümumi büdcəsi 85 min manatdır".

Y.Bəşirov baş sponsorun federasiyaya göstərdiyi dəstəkdən də danışıb: "Deməzdim ki, bankın dəstəyi azalıb. Yaxşı və pis vəziyyətimiz olub. Dubaya da bankın sponsorluğu ilə getmişdik. Yəqin ki, bundan sonra da kömək göstərərlər. Başda ölkə prezidenti olmaqla, millətimizin başını uca edirik. Nəticələrimiz yüksəkdir. İnanıram ki, öz dəstəklərini əsirgəməyəcəklər".

Qeyd edək ki, "Baku Open" iki gün davam edəcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi