Yanvarın 15-də sərbəst güləş üzrə 20 Yanvar şəhidi Müşviq İsayevin xatirə turniri keçiriləcək.
"Report"un Azərbaycan Güləş Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, Bakı İdman Sarayında baş tutacaq yarışda 2003-2004-cü il təvəllüdlü yeniyetmə güləşçilər mübarizə aparacaq.
23-cü dəfə təşkil olunacaq ənənəvi turnirdə pəhləvanlarla yanaşı, Rusiya, Gürcüstan, Qazaxıstan və Özbəkistan təmsilçiləri də qüvvəsini sınayacaq.
45, 48, 51, 55, 60, 65, 71, 80, 92 və 110 kq-da baş tutacaq mübarizənin yekununda fəxri kürsüyə qalxan güləşçilər medal, diplom və kuboklarla yanaşı, pul mükafatı ilə təltif olunacaq. Yarışın açılış mərasimi saat 16:30-da başlayacaq.
Qeyd edək ki, sabah Bakı İdman Sarayında hakimlərin və məşqçilərin seminarı baş tutacaq. Bundan sonra isə püşkatma mərasimi keçiriləcək.