Vüqar Həşimovun xatirə superturnirinə qatılacaq şahmatçıların adları dəqiqləşib

Vüqar Həşimovun xatirə superturnirinə qatılacaq şahmatçıların adları dəqiqləşib Yarışın reytinq favoriti ABŞ təmsilçisi Uesli So olacaq
Fərdi
3 Aprel , 2017 13:28
Vüqar Həşimovun xatirə superturnirinə qatılacaq şahmatçıların adları dəqiqləşib

Bakı. 3 aprel. REPORT.AZ/ Azərbaycanın tanınmış qrossmeysteri, Avropa çempionu mərhum Vüqar Həşimovun xatirəsinə həsr olunan beynəlxalq superturnirə qatılacaq şahmatçıların adları dəqiqləşib. Turnirin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Azərbaycan Şahmat Federasiyasının dəstəyi ilə baş tutacaq Vüqar Həşimov Memorialında bu dəfə də FİDE reytinqində yüksək yerlərdə qərarlaşan 10 qrossmeyster mübarizə aparacaq.

Superturnirdə azərbaycanlı qrossmeysterlər Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov ilə yanaşı Uesli So (ABŞ), sabiq dünya çempionu Vladimir Kramnik (Rusiya), Sergey Karyakin (Rusiya), Maykl Adams (İngiltərə), Pentala Harikrişna (Hindistan), Pavel Elyanov (Ukrayna), Radoslav Voytaşek (Polşa), eləcə də Veselin Topalov (Bolqarıstan) iştirak edəcək.

XXI kateqoriyalı superturnirin reytinq favoriti ABŞ təmsilçisi Uesli So olacaq. Qrossmeyster hazırda Beynəlxalq Şahmat Federasiyasının reytinq cədvəlində 2822 xalla 2-ci pillədə qərarlaşıb.

Turnirin təntənəli açılış mərasimi aprelin 20-də Şəmkirdəki Heydər Əliyev Mərkəzində olacaq. 9 turdan ibarət yarışa aprelin 30-da yekun vurulacaq.

Xatırladaq ki, 2014 və 2015-ci illərdə dünya çempionu Maqnus Karlsen (Norveç) yarışın qalibi olub. Ötənilki turnirdə isə azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov birinci yeri tutub.

Son xəbərlər

Orphus sistemi