Vüqar Həşimov Memorialında iştirak edəcək şahmatçılar bəlli olub

Vüqar Həşimov Memorialında iştirak edəcək şahmatçılar bəlli olub Dekabrın 18-dən 23-dək Bakıda keçiriləcək Azərbaycanın görkəmli şahmatçısı, Avropa çempionu Vüqar Həşimovun xatirəsinə həsr olunan 7-ci beynəlxalq super turnirdə iştirak edəcək şahmatçıları adı məlum olub.
Fərdi
2 Dekabr , 2021 16:46
Vüqar Həşimov Memorialında iştirak edəcək şahmatçılar bəlli olub

Dekabrın 18-dən 23-dək Bakıda keçiriləcək Azərbaycanın görkəmli şahmatçısı, Avropa çempionu Vüqar Həşimovun xatirəsinə həsr olunan 7-ci beynəlxalq super turnirin iştirakçıları məlum olub.

"Report"un məlumatına görə, bu barədə turnirin direktoru Anar Allahverdiyev Vüqar Həşimov Şahmat Akademiyasında təşkil olunan mətbuat konfransında açıqlama verib.

Onun sözlərinə görə, qalib adı uğrunda 8 şahmatçı – Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Vüqar Əsədli, Fabiano Karuana (ABŞ), Sergey Karyakin (Rusiya), Riçard Rapport (Macarıstan), Vişvanatan Anand (Hindistan) və David Navara (Çexiya) mübarizə aparacaq.

Turnirin reytinq favoriti ABŞ təmsilçisi Fabiano Karuana və hindistanlı sabiq dünya çempionu Vişvanatan Ananddır. ABŞ şahmatçısı 2770 reytinq əmsalı ilə rapid, V.Anand isə 2825 reytinq əmsalı ilə blits turnirinin reytinq favoritidir.

Şahmatçılar turnirdə rapid və blits üzrə yarışacaqlar. Qalib hər iki turnirin yekun nəticəsinin cəminə əsasən məlum olacaq.

Yarış Vüqar Həşimov Şahmat Fondunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Şahmat Federasiyasının dəstəyi, SOCAR-ın sponsorluğu ilə keçiriləcək. Turnirə “Fairmont Baku” hoteli ev sahibliyi edəcək.

Xatırladaq ki, Vüqar Həşimov memorialı ilk dəfə 2014-cü ildə Şəmkirdə keçirilib. Hazırkı dünya çempionu Maqnus Karlsen dörd (2014, 2015, 2018, 2019), Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov isə iki (2016, 2017) dəfə turnirin qalibi olublar.

Ötən il koronavirus pandemiyası ilə əlaqədar turnir keçirilməyib.

Son xəbərlər

Orphus sistemi