Azərbaycanın voleybol yığması İslamiadada əsas heyətlə çıxış edəcək

Azərbaycanın voleybol yığması İslamiadada əsas heyətlə çıxış edəcək Oksana Kurt: "Türkiyə yığmasının Bakıya əsas heyətlə gələcəyini düşünmürəm”
Fərdi
12 Aprel , 2017 11:14
Azərbaycanın voleybol yığması İslamiadada əsas heyətlə çıxış edəcək
Report.az

Bakı. 12 aprel. REPORT.AZ/ Voleybolçu qadınlardan ibarət Azərbaycan milli komandası Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında əsas heyətlə çıxış edəcək. Bu barədə "Report"a millinin meneceri Oksana Kurt açıqlama verib. 

O bildirib ki, həm əsas, həm də gənclərdən ibarət yığma üzvləri aprelin 7-dən Bakıda təlim-məşq toplanışına başlayıb. Voleybolçular tibbi baxışdan keçdikdən sonra proqrama uyğun olaraq, hazırlıq prosesinə start verilib. Yalnız legioner həyatı yaşayanlar düşərgədə yoxdur: "Ksenya Poznyak “Beşiktaş”da, Yana Kulan “Çanakkale Belediyyespor”da çıxış edir. Türkiyə çempionatı isə mayın ilk günlərində başa çatacaq. Bitən kimi, gələcəklər. İtaliyanın “Fierense” klubunda çıxış edən Odina Bayramova aprelin sonunda, Yaponiyanın “Toyota” komandasında oynayan Polina Rəhimova isə İslamiada başlayacaq ərəfədə bizə qoşulacaqlar”. 

Aprelin 15-də əsas komanda təlim-məşq toplanışının ikinci mərhələsini keçmək üçün Sloveniyanın Maribor şəhərinə, gənclərdən ibarət yığma isə Qubaya yola düşəcək. O.Kurtun sözlərinə görə, hazırda heyətdə ciddi zədədən əziyyət çəkən yoxdur: “Mayın 2-dək Mariborda olacağıq. Mayın 4-də Belarus yığması Bakıya gələcək. Onlarla 2 yoxlama oyunu planlaşdırırıq. Əsas komanda ümumilikdə 3, gənclər isə 2 matç keçirəcək. İslamiada üçün təxmini yekun heyət çoxdan hazırdır. Lakin idmanda tez-tez dəyişikliklər olur. Ona görə də hazırlığa geniş heyətlə başlamışıq. İştirak ərizəsinə düşəcək 14 voleybolçunun adı mayda bəlli olacaq. Gənclərdən ibarət komandadan da əsas heyətə cəlb oluna bilər. Oradakı voleybolçuların potensialı var, irəli getməyə can atırlar. Hazırda heyətdə ciddi zədədən əziyyət çəkən voleybolçu yoxdur. Təəssüf ki, klubunda zədələnən Şəfaqət Həbibova İslamidada iştirak edə bilməyəcək”.

Azərbaycan yığmasının menecerinin fikrincə, Türkiyə milli komandası IV İslam Həmrəyliyi Oyunlarında əsas heyətlə çıxış etməyəcək: “Onların Bakıya əsas heyətlə gələcəklərini düşünmürəm. Çünki İslamiadadan sonra keçiriləcək dünya çempionatına hazırlaşacaqlar. Ola bilər 2-ci və ya 3-cü komanda olsun. Bizdə isə əsas heyət olacaq. Lakin Faiq Qarayevi dünya çempionatın seçmə mərhələsinin oyunları da düşündürür”.

Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunları 12 - 22 mayda Bakıda keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi