Yuxarı
    Bağlamaq

    ​Vladimir Tukmakov: "Avrokubokda ikinci olmaq uğursuzluq deyil"

    SOCAR-Azərbaycanın kapitanı komandasının turnirdəki çıxışını dəyərləndirib

    Bakı. 26 oktyabr. REPORT.AZ/ Məktəbdə olan qiymətlərlə dəyərləndirsək, ümumi çıxışımıza 4 vermək olar. Biz Makedoniyaya çempion titulunu qorumaq üçün gəlmişdik. Amma “Sibir”ə məğlubiyyətdən sonra liderliyi itirdik. Rusiya komandası birinci pillədə olduğu halda, biz maksimum etməyə çalışdıq. Maksimum isə ikinci yer demək idi". "Report"un məlumatına görə, bunu şahmat üzrə Avropa Kubokunda gümüş medal qazanan "SOCAR-Azərbaycan"ın kapitanı Vladimir Tukmakov yarışın yekunlarıyla bağlı klubun mətbuat xidmətinə danışarkən deyib.

    Yarışda bəxtlərinin gətirmədiyini deyən V.Tukmakov son turda 4:2 hesablı qələbə qazana biləcəklərini, "Sibir"ə qalib gələcəkləri təqdirdə liderliyə yüksələcəklərini, ancaq yekunda gümüş medal qazandıqlarını bildirib və ümumi çıxışı müsbət dəyərləndirib: "Mənim üçün favorit hesab edilən komandanın uğurlu çıxış etməsi üçün əsas şərt var. Əgər son tur ərəfəsində çempionluğa şans saxlanılırsa o zaman komandanın çıxışını uğurlu saymaq olar. "SOCAR-Azərbaycan" mübarizə apardığı 6 il müddətində həmişə çempionluq şansını son tura qədər saxlayıb. “Sibir”ə məğlubiyyətdən sonra belə şansımız qalırdı. Ona görə ümumi çıxışı müsbət qiymətləndirirəm".

    Kapitan komanda üzvlərinin yarışda çıxışını bu cür dəyərləndirib: "Birinci lövhədə Veselin Topalov yaxşı oynayırdı. Həlledici hesab edilən Vladimir Kramnikə qarşı görüşdə məğlubiyyət olmasaydı, çıxışını daha yaxşı qiymətləndirərdim. Kramnikə qarşı səviyyəsindən aşağı oynadı. Digər partiyalarda yüksək səviyyədə mübarizə apardı. Bəzən bəxt öz rolunu oynayır və indiki halda bəxtsizlik birinci yer uğrunda mübarizəni davam etdirməyə mane oldu. İkinci lövhədə Aniş Giri imkanlarından aşağı oynadı. Ona nəsə çatmırdı. İkinci turda öz səhvi ucbatından uduzdu. Ümumilikdə, daha yaxşı oynaya bilərdi. Fabiano Karuana gözlədiyimiz parlaq oyunu sərgiləmədi. Amma demək olmaz ki, zəif çıxış etdi. Dördüncü lövhədə Maykl Adams sadəcə fantastik oyun nümayiş etdirdi. Komandanın ən stabil şahmatçısıdı idi, lazımi anda köməyə çatırdı. Adamsın daha çox qara fiqurlarla oynadığını unutmayaq. Teymur Rəcəbov yaxşı çıxış etdi. Avropa Kubokunda sərgilədiyi oyun Rəcəbovun ən yaxşı formasını bərpa edəcəyini göstərir. Şəhriyar Məmmədyarov stabil oynamadı. Turnirə qələbələrlə başladı, amma belə davam edə bilmədi. Son turda məğlub oldu. Rauf Məmmədov uğursuz çıxış etdi, Eltac Səfərli isə öz səviyyəsinə uyğun oynadı".

    "SOCAR-Azərbaycan"ın hər zaman çempionluq uğrunda yarışdığını xatırladan V.Tukmakov bu mənada Avropa Kubokunun əsas favoriti kimi mübarizə aparmağın çətinliyindən danışıb: "Azərbaycan klubu hər zaman Avropa Kubokunda favorit hesab edilib və yüksək yerlər uğrunda yarışıb. Son illər bir qayda olaraq biz bu yarışı mükafatsız başa vurmuruq. Ötən il çempion olduq, bu dəfə gümüş medal qazandıq. Stabil mübarizə aparmaq asan deyil. Fikir verirsinizsə bəzi güclü komandalar artıq Avropa Kubokunda çıxış etmir. İki dəfə Avropa Kubokunu qazanan “Ekonomist” artıq yoxdur. Güclü “Ural” klubu var idi. Əvəzində “Sibir” və “Alkaloid” kimi Rusiya və Makedoniyanın güclü təmsilçiləri yarandı. Gələn il necə olacağını demək çətindir".

    O, gümüş medal qazandıqdan sonra klub rəhbərliyi ilə əlaqə saxladıqlarını deyib: "Mahir Məmmədov mükafatlandırma mərasimindən sonra zəng vuraraq bizi təbrik etdi. O da bizimlə razıdır ki, çempionluq uğrunda sona qədər mübarizə apararaq sonda ikinci olmaq uğursuzluq deyil. Bütün şahmatçılarımıza təşəkkür etdi. Ən böyük təşəkkürünü isə komandanın ən yaxşıları Maykl Adamsla Teymur Rəcəbova çatdırdı".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi