Türkiyənin Konya şəhərində təşkil olunan V İslam Həmrəyliyi Oyunları zamanı “Azərbaycan günü” keçirilib.
"Report"un Konyaya ezam olunan əməkdaşı xəbər verir ki, Atletlər Kəndində təşkil olunan tədbirdə Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov, Türkiyənin gənclik və idman naziri Mehmet Kasapoğlu, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, baş katib Azər Əliyev, gənclər və idman nazirinin müavini Mariana Vasileva, Milli Olimpiya komitələrinin nümayəndələri, idmançılar və könüllülər iştirak ediblər.
MOK-un baş katibi Azər Əliyev sonuncu İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Azərbaycanın paytaxtı Bakıda keçirildiyini xatırladıb. O qeyd edib ki, koronavirusla əlaqədar uzun müddətlik fasilədən sonra nəhayət, bu gün qardaş Türkiyədə, tarixi Konya şəhərində V İslam Həmrəyliyi Oyunlarına şahidlik edirik. Azərbaycanın Oyunlara 200-dən artıq idmançıdan ibarət böyük heyətlə qatıldığını söyləyən A.Əliyev deyib: “İdman heyətimizdə Olimpiya çempionları, bir neçə qat dünya çempionları, eləcə də gənc idmançılar var və onlar öz güclərini dünyaya nümayiş etdirirlər. Mən, həmçinin bu İslamiadanın yüksək səviyyədə təşkil olunmasına və burada bizə göstərilən qonaqpərvərliyə görə qardaş Türkiyədən olan təşkilatçılara öz dərin minnətdarlığını bildirirəm”.
Kasapoğlu isə çıxışında Azərbaycanın IV İslam Həmrəyliyi Oyunlarına çox uğurla ev sahibliyi etdiyini xatırladıb. O, Türkiyənin də İslamiadanı yüksək səviyyədə keçirmək üçün əlindən gələni etdiyini bildirib.
Tədbir bədii hissə ilə davam edib. Musiqili gecədə müğənni İsmayıl İsmayılzadənin ifaları, “Tərəkəmə” və “Cəngi”, "Dərbəndi", "Naz eləmə", "Sarı gəlin" və "Tambourine" rəqsləri ifa olunub. Tədbir zamanı taekvondoçu Minayə Əkbərova (46 kq) səhnəyə dəvət olunaraq, yenicə gümüş medal qazanması münasibətilə təbrik edilib.
Sonda "Şuşa" musiqi qrupunun və Azərbaycan Dövlət Filarmoniyasının solisti Nurlanə Abdullazadənin ifaları ilə tədbirə yekun vurulub.