UWW prezidenti: "Azərbaycan dünya güləşində böyük pay sahibidir"

UWW prezidenti: "Azərbaycan dünya güləşində böyük pay sahibidir" "Budapeştdə keçiriləcək dünya çempionatında güclü Azərbaycan komandasının iştirak edəcəyini gözləyirik"
Fərdi
8 Aprel , 2018 09:50
UWW prezidenti: Azərbaycan dünya güləşində böyük pay sahibidir

Bakı. 8 aprel. REPORT.AZ/ "Azərbaycan dünya güləşində böyük pay sahibidir. Bakıda güləş yarışları hər zaman yüksək təşkilatçılıqla həyata keçirilib".

"Report"un məlumatına görə, bunu ABŞ-ın Ayova şəhərində keçirilən sərbəst güləş üzrə Dünya Kubokunda iştirak edən Dünya Güləş Birliyinin (UWW) prezidenti Nenad Laloviç Azərbaycan Güləş Federasiyasının (AGF) rəsmi saytına müsahibəsində deyib.

Bakıda Heydər Əliyevin xatirəsinə həsr olunmuş Qızıl Qran-pri, Avropa Oyunları, Avropa və Dünya çempionatlarını xatırladan UWW rəsmisi bu yarışlar haqda xoş təəssüratlarını bölüşüb:

"Azərbaycana bir neçə dəfə gəlmişəm və yüksək səviyyədə təşkilatçılığın şahidi olmuşam. Ümid edirəm ki, gələcəkdə Azərbaycanın ev sahibliyi edəcəyi bir çox böyük yarışlar izləyəcəyik. Çünki biz AGF-nin böyük təcrübəyə malik olduğunu bilirik".

Qədim güləş ənənələrinə sahib olan Azərbaycanın yüksəlişdə olduğunu deyən Laloviç bu sayədə ölkənin dünya güləşində daim yüksək yerlərdə olacağına inandığını bildirib.

Onun fikrincə, Dünya Kubokunda iştirak edən Azərbaycan komandası çox güclüdür:

"Biz Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək dünya çempionatında da güclü Azərbaycan komandasının iştirak edəcəyini gözləyirik. Düşünürəm ki, Azərbaycan xalqının gözlədiyi nailiyyətlər 2020-ci il Tokio Yay Olimpiya Oyunlarında da gerçəkləşəcək".

Son xəbərlər

Orphus sistemi