Dünya Güləş Birliyi (UWW) 2021-ci ilin yarış təqviminə dəyişikliklər edib.
Azərbaycan Güləş Federasiyasından "Report"a verilən məlumata görə, buna səbəb pandemiyanın daha da güclənməsidir.
Daha öncə yanvarda keçirilməsi planlaşdırılan Matteo Pellikone turniri mart ayına təxirə salınıb. Reytinq xarakterli yarış martın 4-dən 7-dək İtaliyanın paytaxtı Romada keçiriləcək.
Fevralda təşkili nəzərdə tutulan Avropa çempionatı isə apreldə baş tutacaq. Aprelin 19-dan 25-dək Polşanın paytaxtı Varşavada qitənin ən güclü güləşçiləri müəyyənləşəcək. Varşavada reytinq xarakterli turnir də keçiriləcək. Bu yarış isə 8 - 13 iyunda olacaq.
Gələn ilin ilk lisenziya yarışı sayılan Avropa Olimpiya Təsnifat turniri öz vaxtında - 18 - 21 martda Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək.
Dünya Olimpiya Təsnifat turniri daha öncə açıqlanan tarixdən bir həftə sonra gerçəkləşəcək. Olimpiadaya son lisenziyaların veriləcəyi yarış mayın 6-dan 9-dək Bolqarıstanın paytaxtı Sofiyada baş tutacaq.
Gələn ilin ilk beynəlxalq yarışları yanvarın ortalarında Fransa (Nitsa) və Xorvatiyada (Zaqreb) keçiriləcək Qran-pri turnirləri olacaq.