Ukraynanı əzələləri ilə heyran edən azərbaycanlı gənc – POLTAVADAN REPORTAJ

Ukraynanı əzələləri ilə heyran edən azərbaycanlı gənc – POLTAVADAN REPORTAJ “Bütün iştirak etdiyim tədbirlərdə tarixi Vətənim Azərbaycanı daim təmsil edirəm"
Fərdi
26 May , 2021 14:09
Ukraynanı əzələləri ilə heyran edən azərbaycanlı gənc – POLTAVADAN REPORTAJ

Ukraynada daha bir azərbaycanlı gənc beynəlxalq arenaya çıxıb. Bodibildinq üzrə bir neçə ümumrespublika və beynəxalq yarışların mükafatçısı, Ukraynanın Poltava vilayətinin Kremençuq şəhərində yaşayan Hüseynzadə Əkbər Ələsgər oğlu idmanla yanaşı, vilayətin ictimai-siyasi həyatında da aktiv iştirak edir.

“Report”un Şərqi Avropa bürosu fəal azərbaycanlı gənclə bağlı reportaj hazırlayıb.

Əslən Ağcəbədi rayonunun Salmanbəyli kəndindən olan 23 yaşlı Əkbər Hüseynzadənin ailəsi əvvəlcə Moldovada yaşasa da, artıq 20 ildir Ukraynada məskunlaşıb. Uşaqlıqdan idmana maraq göstərən Əkbər əvvəlcə boksla məşğul olsa da, 18 yaşından peşəkar bodibildinqçidir. Əvvəlcə Poltava vilayəti üzrə çempion, ardınca ümumrespublika mükafatçısı olan azərbaycanlı gənc Ukraynanı beynəlxalq turnirlərdə də təmsil edir.

Son 1 il ərzində ümumdünya problemi olan koronavirus pandemiyası səbəbindən yarışlara fasilə versə də, artıq o, yenidən növbəti yarışlara hazırlaşır.

Atası Ələsgər Hüseynov bildirir ki, oğlu uşaqlıqdan idmanla yanaşı, yaşadığı ölkədə, oxuduğu məktəblərdə, ictimai tədbirlərdə fəaldır. Hələ uşaq ikən Moldovada Azərbaycan Prezidentinin Kişinyova səfərləri zamanı rəsmi tədbirlərin iştirakçısı da olub.

Kiyev Milli Mədəniyyət və İncəsənət Universitetində Beynəlxalq hüquq, Dnepropetrovsk Mili Universitetində Hüquq ixtisasları üzrə ali təhsil almış Əkbər Hüseynzadə ictimai-siyasi sahədə də aktiv faliyyətə başlayır. O, əsasən idman nailiyyəti qazanmış gənclərdən ibarət istər azərbaycanlı, istərsə də yerli ukraynalılar da daxil olmaqla, bir çox etnik millətlərdən ibarət yeni gənclər hərəkatı yaradır. Hüseynzadə yaxın vaxtlarda fəaliyyətə başladıqdan sonra hərəkatla bağlı detalları açıqlayacaq. O bildirir ki, məqsədləri Ukrayna-Azərbaycan dostluq münasibətlərinə yeni nəsil gənclərin töhfəsini verməkdir:

“Bütün iştirak etdiyim tədbirlərdə tarixi Vətənim Azərbaycanı fəxrlə təmsil edirəm. Vətənimiz Azərbaycanın dövlət kimi gündən-günə inkişaf etməsi bizi qürurlandırır”, - gənc idmançı bildirib.

Son xəbərlər

Orphus sistemi