Yuxarı

Ukraynalı rejissor: "Azərbaycanın ən mötəbər yarışları keçirmək üçün böyük təcrübəsi var"

Açılış mərasimində 177 nağaraçının ifasında bayraqların paradı təşkil olunacaq

Bakı. 27 avqust. REPORT.AZ/ Bakıda 42-ci Ümumdünya Şahmat Olimpiadasının açılış mərasiminin əsas məşqlərinə start verilib. 

Bakı Şahmat Olimpiadasının mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Milli Gimnastika Arenasında keçiriləcək tədbirin təşkilində ölkənin bir çox tanınmış mədəniyyət xadimləri, incəsənət nümayəndələri iştirak edirlər.

Mərasimin geyim eskizləri və istifadə olunacaq musiqilər təsdiqlənib. Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin rəsmi tərəfdaşı "Amapola Exclusive Events" şirkətinin dəstəyi ilə açılış üçün hazırlanan dekorasiya və lazımi texniki avadanlıqlar quraşdırılıb. Bir saata yaxın davam edəcək açılış mərasimində Azərbaycanda şahmat ənənələri ilə bağlı məqamlar, o cümlədən milli mədəniyyətimizin elementlərindən istifadə olunacaq.

Mərasimin xoreoqrafı, Azərbaycan Respublikasının xalq artisti Təranə Muradova olimpiadanın açılış mərasimində xoreoqraf olmaqdan məmnunluğunu ifadə edib: "Ukraynanın tanınmış rejissoru Viktor Nikolayeviç və əməkdar artist Rəşad Haşımovla birlikdə çalışırıq. Açılış mərasiminin ssenarisini də birlikdə yazmışıq. Mərasimdə gözəl tamaşa nümayiş olunacaq. Azərbaycan həmişə beynəlxalq tədbirləri yüksək səviyyədə keçirib. Əminik ki, Bakı Şahmat Olimpiadası da yüksək peşəkarlıqla təşkil olunacaq. Açılış mərasimində şahmatın və Azərbaycanın tarixi, mədəniyyəti nümayiş olunacaq”.

Mərasimin rejissoru və tərtibatçısı Viktor Nikolayeviç tamaşaçıları gözəl nağıl gözlədiyini deyib: "Şahmat nağılı adlandırmaq olar. Maraqlı obrazlar yaradılıb. Əvvəlcədən bütün sirrləri açıqlamaq istəməzdim, sadəcə maraqlı olacağına əminəm. Artıq 10 günə yaxın məşqlərə başlanılıb. Demək olar ki, hazırda son məşqlər keçirilir. Azərbaycanın ən mötəbər yarışları keçirmək üçün böyük təcrübəsi var. Bakı Şahmat Olimpiadası və açılış mərasimi də yüksək səviyyədə olacaq. Mərasim uzun müddət yaddaşlardan silinməyəcək”.

Açılış mərasiminin musiqi tərtibatçısı, “Rast” qrupunun rəhbəri, Azərbaycan Respublikasının əməkdar artisti Rəşad Haşımov layihə üçün eksklüziv musiqi bəstələdiyini qeyd edib: “Şahmat dünyada elit və intellektual idman növüdür. Azərbaycana dünyanın ən güclü və tanınmış şahmatçıları gələcək. Açılış mərasimi üçün klassik musiqiyə yaxın bir janrda musiqi tərtibatı etmişik. Mərasimdə, həmçinin dahi bəstəkarlarımız Fikrət Əmirov və Qara Qarayevin musiqilərindən də istifadə olunub. Açılışa çox az vaxt qalıb. İnanırıq ki, yaradıcı heyətin əməyi nəticəsiz qalmayacaq. Qonaqlar çox maraqlı və unudulmaz açılış izləyəcək”.

"Amapola Exclusive Events" şirkətinin nümayəndəsi Səfər Aslanov mərasimin unikal şəkildə hazırlandığını söyləyib: “Yarışa 180-dən çox ölkədən nümayəndə gələcək. Onların bir çoxunun Azərbaycanla tanışlığı bu arenadan başlayacaq. Mərasimdə şahmatın yaranma tarixi, Azərbaycanın milli ornamentləri nümayiş olunacaq. Tədbirdə həm müasir texnologiya vasitəsi ilə şou, həm də möhtəşəm sənətkarların ifası təqdim ediləcək. Layihə üzərində 400-ə yaxın əməkdaş çalışır. Burada milli və klassik rəqslərin nümayişləri də olacaq. 177 nağaraçının ifasında bayraqların paradı təşkil olunacaq. Bir saatlıq tədbir ərzində həm müasir Azərbaycan mədəniyyəti, həm də ölkəmizin klassik ornamentləri tamaşaçılara göstəriləcək”.

Qeyd edək ki, 42-ci Ümumdünya Şahmat Olimpiadasının təntənəli açılış mərasimi sentyabrın 1-də keçiriləcək. Milli Gimnastika Arenasında baş tutacaq tədbir saat 19:00-da başlayacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi