Yuxarı
    Bağlamaq

    “Tour d’Azerbaidjan-2017”də növbəti qalib "Synergy Baku"nun keçmiş velosipedçisi olub

    Azərbaycan klubunun hazırkı üzvü isə ümumi təsnifatda liderliyini qoruyub

    Bakı. 5 may. REPORT.AZ/ Ümummilli Lider Heydər Əliyevin 94-cü ildönümünə həsr olunmuş “Tour d’Azerbaidjan-2017” beynəlxalq velosiped yarışının 3-cü mərhələsinə yekun vurulub. 

    "Report"un məlumatına görə, 2.1 kateqoriyalı yarışın 177 km-lik Qəbələ-Oğuz-Şəki-Oğuz-Qəbələ marşrutundan sonra Azərbaycanın Elit yığması və "Synergy Baku" kontinental klubunun üzvü Kiril Pozdnyakov ümumi təsnifatda liderliyini qoruyub.

    Mərhələ qalibi isə "Synergy Baku"nun keçmiş üzvü, hazırda Avstriyanın "Amplatz BMC" komandasının şərəfini qoruyan sloveniyalı Matey Müqerli olub. O, məsafəni 4 saat, 20 dəqiqə, 32 saniyəyə başa vurub. M.Müqerli ötən il "Synergy Baku"nun heyətində də bu mərhələnin qalibi olmuşdu. İsrailin "İsrael Cycling Academy" komandasının üzvü Mikhel Raim və Ukraynanın "Kolss" komandasının təmsilçisi Vitali Buts qaliblə eyni vaxt göstəricinə imza atmaqla finiş xəttini müvafiq olaraq 2-3-cü keçiblər.

    "Synergy Baku"nun üzvlərinə gəlincə, Kiril Pozdnyakov və Yosip Rumaç finişi ümumi pelotonda keçməklə fotofinişə əsasən 14 və 15-ci olublar. Məhz bu nəticə K.Pozdnyakova ümumi təsnifatda liderliyi qorumağa şərait yaradıb və o, mavi rəngli "Synergy" köynəyini özündə saxlayıb. Hazırda velosipedçimiz ən yaxın izləyicisi, Ukraynanın "Kolss" komandasının üzvü Oleksandr Polivodanı 39 saniyə qabaqlayır.

    Aralıq sprintlərində hamıdan çox xal toplayan "İsrael Cycling Academy" komandasının üzvü Mikel Raim ən yaxşı sprinter üçün nəzərdə tutulan yaşıl rəngli SOCAR köynəyini özünə qaytarıb. Ən yaxşı dağ velosipedçisinə verilən qırmızı rəngli "AZAL" köynəyi Ukraynanın "Kolss" komandasının üzvü Vitaliy Butsda qalıb. Almaniyanın "Team Sauerland NRW p/b Henley & Partners" klubunun üzvü Feliks İntra isə yenidən ən yaxşı gənc velosipedçi kimi bənövşəyi rəngli "ATAHOLDİNG" köynəyi ilə mükafatlandırılıb.

    Velosipedçiləri Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti, Avropa Velosipedçilər Birliyinin Rəhbər Komitəsinin üzvü Sahib Ələkbərov, Avropa Velosipedçilər Birliyinin vitse-prezidenti Aleksandr Qusyatnikov və Qəbələ rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev təltif edib.

    Mayın 6-da velosipedçilər yarışın ən çətin dağ mərhələsində mübarizə aparacaqlar. İştirakçılar bu dəfə saat 09:30-da Qəbələ rayon İcra Hakimiyyətinin qarşısından start götürməklə İsmayıllı - Ağsu - Şamaxı - Pirqulu marşrutu üzrə 164 km məsafə qət edəcəklər. Ötən illə müqayisədə bu dəfə Ağsu dolayları da marşruta əlavə edilib. 

    Qeyd edək ki, “Tour d’Azerbaidjan-2017” yarışında 18 ölkənin 22 komandası mübarizə aparır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi