Nazim Babayev: "Tokio olimpiadasında medal qazana bilərəm, mümkünsüz heç nə yoxdur"

Nazim Babayev: "Tokio olimpiadasında medal qazana bilərəm, mümkünsüz heç nə yoxdur" Yarış mənim üçün kifayət qədər uğurlu alındı. Məşqçimlə birlikdə nəyi planlaşdırmışdıqsa, onu da həyata keçirə bidik. Əsas hədəfim Tokio Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq idi. Buna da nail oldum. İlk cəhdimdə 16,84 metr nəticə göstərdim. Bunu çox rahat həyata keçirdim. İkinci cəhdim qayda pozuntusuna görə qeydə alınmadı. Üçüncüdə isə 17,15 metr tullandım.
Fərdi
226
20 Fevral , 2020 12:18
Nazim Babayev: Tokio olimpiadasında medal qazana bilərəm, mümkünsüz heç nə yoxdur

"Yarış mənim üçün kifayət qədər uğurlu alındı. Məşqçimlə birlikdə nəyi planlaşdırmışdıqsa, onu da həyata keçirə bidik. Əsas hədəfim Tokio Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq idi. Buna da nail oldum. İlk cəhdimdə 16,84 metr nəticə göstərdim. Bunu çox rahat həyata keçirdim. İkinci cəhdim qayda pozuntusuna görə qeydə alınmadı. Üçüncüdə isə 17,15 metr tullandım".

Bu fikiləri "Report"a açıqlamasında Fransanın Lyeven şəhərində Qış Dünya Turunun yarışında üçtəkanla tullanmada gümüş medal qazanan Azərbaycan atleti Nazim Babayev deyib.

Tokio Yay Olimpiya Oyunlarına lisenziyanı təmin edən 23 yaşlı idmançı bildirib ki, rəqibləri kifayət qədər güclü olub: "Kubalı rəqiblərim ilə iki ABŞ təmsilçisi çox güclü idi. Demək olar ki, yarış cədvəlində 17 metrdən aşağı nəticəsi olan idmançı olmadı. Hamısı kifayət qədər layiqli rəqibdir. İki güclü rəqibdən başqa hamı yarışda iştirak edirdi. Mən də əlimdən gələni etdim ki, ön pillələrdə qərarlaşım. Məşqçimlə bu mövsümə yaxşı hazırlaşmışıq. Məqsədimiz olimpiadaya birbaşa lisenziya əldə etmək idi. Türkiyənin İstanbul şəhərindəki Balkan çempionatında topuq nahiyyəsindən yüngül zədə aldım. Bu, Fransadakı yarışda məni narahat edirdi. Amma fiziki və psixoloji cəhətdən tam hazır olduğum üçün o qədər də önəm vermədim. Ciddi zədə deyil. Bakıya qayıdandan sonra onu müalicə etmək üçün iki həftə vaxt lazımdır".

Babayev Azərbaycan Ateltika Federasiyasından dəstək aldığını da sözlərinə əlavə edib: "Başda federasiyanın prezidenti Çingiz Hüseynzadə olmaqla hamı mənim uğurlu nəticə əldə edəcəyimə inanırdı. "Neftçi İdman Klubu" mənə hər zaman dəstək olur. Hamısına təşəkkürümü bildirirəm".

Atlet olimpiadadakı hədəfi barədə danışmağın tez olduğunu vurğulayıb: "Vaxtından öncə heç nə demək istəmirəm. Bu məsuliyyət və əzmkarlıqla məşq edəcəyəm, çalışacağam və səhvləri aradan qaldıracağam. Onu deyə bilərəm ki, bu mənim pik formam deyil. Çindəki dünya çempionatına hazırlaşırdıq, amma təxirə salındı. Pik formamın orada olacağını düşünürdük. Amma mundial olmayacaq, olimpiada üçün məşq edəcəyik. Olimpiadada finala düşmək, ondan sonra isə var gücümlə əlimdən gələni etməyə çalışacağam. Medal da qazana bilərəm. Mümkünsüz heç nə yoxdur. 17,50 və 17,60 metr səviyyəsinə çata bilsəm, medal olacaq".

Qeyd edək ki, Nazim Babayev 2019-cu ildə Şotlandiyanın Qlazqo şəhərində qapalı manejdə Avropa çempionatında qızıl medal qazanıb. Olimpiada 24 iyul - 9 avqustda baş tutacaq. 

Son xəbərlər

Orphus sistemi