Yuxarı
    Bağlamaq

    Toğrul Əsgərov: "İslamiadada iştirak edə bilməyəcəyimdən təəssüflənirəm"

    70 kq mənim üçün 65 kq-dan daha rahat olacaq

    Bakı. 3 mart. REPORT.AZ/ 2012-ci il London Yay Olimpiya Oyunlarının qalibi, Azərbaycan sərbəst güləşçisi Toğrul Əsgərovun "Report"a müsahibəsi.

    - Əvvəllər olduğu kimi, 65 kq çəki dərəcəsində çıxış etməyiniz mümkündürmü?

    - Mənim çəkimdə olan bütün əcnəbi rəqiblərim də çəkilərini dəyişir. Əvvələr də müxtəlif turnirlərdə 70 kq çəki dərəcəsində çıxış etmişəm. Yəni, mənim üçün yenilik olmayacaq. Cavanam, istəyirəm hər çəkidə qüvvəmi sınayam. Düşünürəm ki, 70 kq mənim üçün 65 kq-dan daha rahat olacaq. Çəkimi az atacam, güc çox olacaq.

    - 70 kq çəki dərəcəsində milli komandada rəqabətin səviyyəsi sizi qane edirmi?

    - Bu çəki dərəcəsində Hacı Əliyev, Şərif Şərifov, Cəbrayıl Həsənov kimi bir nəfər yoxdur. Amma yaxşı güləşçilərimiz və güclü rəqabət var.

    - Artıq 4-cü dəfə çəkinizi dəyişməyiniz normal haldır?

    - İnkişafda olan bir gənc üçün normaldır. 55-60 kqda çəkimi saxlasaydım, özümü "yandırsaydım", çəki salsaydım, inkişaf getməyəcəkdi. Lakin çəkini dəyişirsənsə, inkişaf gedir. Artıq 70 kq çəkiyə keçirəmsə, bu, mənim üçün çətin olacağı anlamına gəlməməlidir. Həmin rəqiblərdi. Hamısı 4 ildən bir çəkilərin dəyişirlər.

    - "Kəpəz" klubunun ev oyunlarını keçirdiyi Gəncə şəhər stadionunun durumu ürəkaçan deyil. Oyunlara gedən zaman nə hiss edirsiniz?

    - Bizim də istəyimiz odur ki, doğma şəhərimizdə gözəl stadion olsun. Təkcə Gəncədə deyil, hər yerdə yaxşı stadionların olması lazımdır. Çünki yeniyetmələrimiz, gənclərimiz çox fəaldır, idmana həvəsləri var. Buna uyğun da şərait yaradılmalıdır. İnanıram ki, yaxın gələcəkdə stadion problemi də həllini tapar.

    - "Kəpəz" klubuna kömək göstərməyi düşünürsünüzmü?

    - Mənəvi cəhətdən dəstəyimi əsirgəmirəm. İmkan düşdükcə komandanı Bakı və Gəncədəki oyunlarına gedirəm. Klub rəhbərliyi və futbolçularla görüşürəm, söhbət edirik. "Kəpəz"də qardaşlarımız çoxdur.

    - Bu il hansısa yarışda iştirak edə biləcəksinizmi?

    - Əməliyyatdan 3 ay sonra xalça üzərinə qayıdacam. Təəssüf ki, İslamiadada iştirak edə bilməyəcəyəm. İnşallah, özümü sentyabrda keçiriləcək dünya çempionatına hazırlamaq istəyirəm.  

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi