Yuxarı

​Teymur Rəcəbov "ShamkirChess-2016" turnirində heç-heçə edib

Qrossmeyster Çin idmançısına qalib gələ bilməyib

Bakı. 26 may. REPORT.AZ/ Vüqar Həşimovun xatirəsinə həsr olunan "ShamkirChess- 2016" turnirində Azərbaycan şahmatçısı Teymur Rəcəbov Çin idmançısı Xou Yifanla heç-heçə edib.

"Report" xəbər verir ki, ilk turda yarım xal qazanan Teymur Rəcəbov görüş haqda fikirlərini bildirib:

"Mənim üçün fərqi yoxdur xanım rəqib və ya əksinə. Əsas odur ki, lazım olanda həlledici gedişi etmək lazımdır. Bu gün görüşün əvvəlində cüzi üstünlük qazanmışdım. Hiss edilirdi ki, rəqib müdafiə oluna bilmir. Yifanın müdafiədə problemləri var idi. Üstünlüyü inkişaf etdirmək mümkün olmadı. İrəliləyiş görünmürdü.

Rəqib haqda ancaq xoş sözlər deyə bilərəm. Xou Yifan güclü şahmatçıdır. Kifayət qədər təcrübəyə malikdir. Bir sıra turnirlərdə qələbə qazanıb. Belə rəqiblə görüşdə səhvlərə yol vermək olmaz".

Çin idmançısı, qadınlar arasında dünya çempionu Xou Yifan isə ilk turun nəticəsindən razı olduğunu bildirib:

"Teymur düzgün gedişlərlə üstünlük qazandı. Partiyaya o qədər yaxşı başlamadığımdan ehtiyatlı oynayırdım. Heç-heçə yaxşı nəticədir. Kişilər arasında turnirdə iştirak etmək hər zaman mənim üçün maraqlıdır. Karyeramda həm kişilər, həm qadınlar arasında turnirlərdə mübarizə aparıram. Heç vaxt deməmişəm ki, qadınların yarışında iştirak etməyəcəyəm".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi