Tokio-2020: Yunan-Roma güləşçilərimizdən 2-ci lisenziya - YENİLƏNİB

Tokio-2020: Yunan-Roma güləşçilərimizdən 2-ci lisenziya - YENİLƏNİB Güləşin bu növündə Azərbaycanın 5 təmsilçisi qüvvəsini sınayır
Fərdi
8 May , 2021 20:48
Tokio-2020: Yunan-Roma güləşçilərimizdən 2-ci lisenziya - YENİLƏNİB
Rafiq Hüseynov

Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Dünya Olimpiya Təsnifat Turnirində yarımfinal görüşünə çıxıb.

"Report"un məlumatına görə, 77 kq çəki dərəcəsində mübarizə aparan idmançının rəqibi Viktor Nemes (Serbiya) olub.

4:1 hesablı qələbə qazanan Hüseynov finala çıxmaqla Tokio-2020 Yay Olimpiya Oyunlarına vəsiqəni təmin edib.

Qeyd edək ki, bu, Azərbaycanın yunan-Roma güləşində 2-ci lisenziyası olub. Daha əvvəl İslam Abbasov (87 kq) martda Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş Avropa Təsnifat turnirində olimpiadaya qatılmaq hüququ əldə edib.

16:49

Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Dünya Olimpiya Təsnifat Turnirində bu gün yunan-Roma güləşçiləri mübarizəyə qoşulub.

"Report"un məlumatına görə, güləşin bu növündə Azərbaycanın 5 təmsilçisi qüvvəsini sınayır.

Murad Məmmədov (60 kq), Rəsul Çunayev (67 kq) və Rafiq Hüseynov (77 kq) təsnifat, Murad Lokyayev (97 kq) və Beka Kandelaki (130 kq) 1/8 final mərhələsindən yarışa başlayıb.

Onlardan yalnız Hüseynov yarımfinala yüksələ bilib. O, mübarizəyə yarımfinal mərhələsindən başlamalı olsa da, Hyenvu Kim (Koreya) görüşə çıxmadığı üçün azərbaycanlı pəhləvan 1/8 finala adlayıb. Təcrübəli pəhləvan növbəti görüşlərində Qurpret Sinq (Hindistan) və Abd Elkrim Ouakalini (Əlcəzair) məğlubiyyətə uğradıb. Yarımfinalda rəqib Viktor Nemes (Serbiya) olacaq.

Məmmədov ardıcıl olaraq, Stiq Andre Berqe (Norveç) və Maksim Kajarskiyə (Belarus) qalib gəlsə də, 1/4 final mərhələsində Hanyae Çunqa (Cənubi Koreya) uduzub.

Çunayev Donior İslamov (Moldova) və Deyvid Dimitrovu (Bolqarıstan) yenməsinə baxmayaraq, əslən azərbaycanlı Pərviz Nəsibova (Ukrayna) məğlub olub.

Lokyayev ilk görüşdəcə Nikolos Kakelaşviliyə (İtaliya) uduzub. Kandelaki isə Oskar Marviki (Norveç) mübarizədən kənarlaşdırsa da, Rafal Krajevskinin (Polşa) müqavimətini qıra bilməyib.

Son xəbərlər

Orphus sistemi