Yuxarı
    Bağlamaq

    Son 10 ildə Azərbaycanda dopinqə görə cəzalandırılan idmançıların sayı açıqlanıb

    Gənclər və İdman Nazirliyinin sektor müdiri: Onlardan 3-ü legioner, 2-si isə azərbaycanlı idmançıdır

    Bakı. 21 iyun. REPORT.AZ/ “Gənclər və İdman Nazirliyi ilk gündən dopinq qalmaqalının haradan qaynaqlandığını bilmək istəyib. Araşdırmalar nəticəsində məlum oldu ki, belə halların bir neçə səbəbləri var. Federasiyalarda həkimin olmaması orada nəzarət tədbirlərinin görülmədiyini sübut edirdi. Digər səbəb isə təxribat xarakterli problemlərin olması idi”. 

    “Report” xəbər verir ki, bunu Gənclər və İdman Nazirliyinin Dopinqə qarşı mübarizə sektorunun müdiri İradə Rüstəmzadə Milli Məclisin Gənclər və idman komitəsinin iclasında “İdmanda dopinq vasitələrindən və metodlarından istifadəyə qarşı mübarizə” haqqında yeni qanun layihəsinin hazırlanması üçün yaradılan İşçi Qrupunun toplantısında çıxışı zamanı deyib.

    O bildirib ki, 2007-ci ildə Azərbaycan 40 ölkə arasında dopinqə qarşı mübarizə konvensiyasına qoşulub: "2008-ci ildə Ümumdünya Antidopinq Agentliyinin (WADA - red.) kodeksinə əsasən, Azərbaycan milli idman növlərində dopinqə qarşı əsasnamələri təsdiq edib. Bu gün WADA qanunlarını bir qədər dəyişdirib. Biz də buna uyğun olaraq dəyişikliklərin üzərində işləyirik. Bu, çox ağır işdir. Çünki dünya bu məsələdə qaydaları sərtləşdirib. Ona görə də edəcəyimiz dəyişikliklərdə hər məsələyə ciddi yanaşmalıyıq. Ümid edirik ki, iyunun axırınadək yeni qaydalar qüvvəyə minəcək və kollegiyaya təqdim olunacaq".

    "Bizim ilk atdığımız addım bir qədər düzgün başa düşülmürdü. Lakin nazir Azad Rəhimov bütün dərman vasitələrinin alınmasına xüsusi diqqət yetirdikdən sonra bu məsələlər yoluna düşdü. İlk vaxtlarda federasiyalar narazılıq edirdilər. Onlara elə gəlirdi ki, biz onlardan nələrsə alırıq. Zaman keçdikcə başa düşdülər ki, məsuliyyət bizim üzərimizdədir. Bu adımla bildik ki, hansı dərman hansı federasiyalara verilir. Dərman maddələri sifariş ediləndə federasiyalar bizə xəbər verirlər və biz də o dərmanların həmin fedarasiyalara verilib-verilməməli olduğu barədə qərar qəbul edirik. Biz bu yolla böyük problemləri aradan qaldırdıq" - deyə nazirlik rəsmisi qeyd edib.

    Sektor müdiri əlavə edib ki, son 10 ildə görülən işlər nəticəsində, ağırlıqqaldırmadakı problemləri nəzərə almasaq, cəmi 5 idmançı dopinqə görə diskvalifikasiya olunub: "Bu, böyük nailiyyətdir. Onlardan 3-ü legioner, 2-si isə azərbaycanlı idmançıdır. Burada səbəb məşqçilərin səhvidir və biz hələ də bunun üzərində işləyirik. Bu gün artıq hər 1 idmançıya görə milli federasiyalar beynəlxalq qurumlara dopinq cəriməsi olaraq, 10 min dollar ödəyir. Hər 2-ci və 3-cü idmançıya görə eyni qaydada cərimələr 10 min dollardır. Artıq 4-cü idmançıya görə isə bu cərimə 50 mion dollar təşkil edir. Bu işləri görən insan isə 100 manatdan 200 manata qədər cərimə verir. Xahiş edirik ki, bizim də qanunlara yenidən baxılsın, daha ağır və ciddi cərimələr tətbiq olunsun. Azyaşlı idmançılara görə isə kimsə məsuliyyət daşımalıdır".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi