Soçidə keçirilən beynəlxalq idman tədbirində qalmaqal baş verib

Soçidə keçirilən beynəlxalq idman tədbirində qalmaqal baş verib "SportAkkord"un rəhbəri Beynəlxalq Olimpiya Komitəsinin prezidentini ittiham edib
Fərdi
21 Aprel , 2015 11:33
Soçidə keçirilən beynəlxalq idman tədbirində qalmaqal baş verib

Bakı. 21 aprel. REPORT.AZ/ Rusiyanın Soçi şəhərində keçirilən "SportAkkord"un Baş Assambleyasında qalmaqal baş verib. "Report"un məlumatına görə, Olimpiya və qeyri-olimpiya növləri üzrə federasiyaları birləşdirən qurumun prezidenti Marius Vizer giriş nitqində Beynəlxalq Olimpiya Komitəsindəki (İOC) həmkarı Tomas Baxı ittiham edib.

O deyib ki, 2013-cü ildə "SportAkkord"un prezidenti seçildikdən sonra daim İOC və T.Baxla Olimpiya hərəkatı və dəyərlərinə əsaslanan konstruktiv əməkdaşlıq qurmağa çalışsa da, buna nail ola bilməyib: "Təəssüf ki, bu əməkdaşlıq heç cür gerçəkləşmir. Mən beynəlxalq idman federasiyaları və "SportAkkord"un xeyrinə ola biləcək xeyli təklif irəli sürmüşəm. Amma müsbət reaksiyalar görməmişik".

M.Vizerin sözlərinə görə, İOC olimpiadaya namizəd olan ölkələrə "SportAkkord" konvensiyası çərçivəsində təqdimat keçirməyə icazə vermir. O, həmçinin bildirib ki, İOC-un ötən ilin dekabrında təsdiqlədiyi "Gündəlik-2020" idmana, beynəlxalq federasiyalara və idmançılara çətin ki, xeyir gətirsin. "SportAkkord"un rəhbəri Oyunlarda idmançı sayının məhdudlaşdırılması və olimpiada proqramında idman növlərinə yox, yarış növlərinə baxılmasını tənqid edib: "Bunlar olimpiya növlərinin qeyri-sabitləşməsinə aparır. Biz hazırda proqrama daxil olan olimpiya növləri və yarışlarını qorumalı, yeni növlərin salınmasını stimullaşdırmalıyıq".

Öz növbəsində T.Bax M.Vizerin tənqidi iradlarından təəccübləndiyini söyləyib. O, bütün beynəlxalq federasiyalarla daim əla münasibətlərdə olduqlarını bildirib: "Fəaliyyətimiz hamı üçün açıqdır. Dəstəyimiz hamıya aydındır. Biz bu yolu davam etdirəcəyik. Çünki bu, adi biznesdir. İndi hamımıza inam lazımdır. Ona isə bütün sahələrdə birliyimizlə layiq olmalıyıq. Mən həmişə fərqli fikirlər səsləndirməyi, müxtəlif layihələr irəli sürməyi və fərqli hədəfləri təklif etməyi xahiş edirəm. Amma sonrakı mərhələdə bir-birimizlə əlaqəli işləməli, idmanın inkişafı, idman vasitəsilə ən yaxşı cəmiyyətin qurulması üçün birgə və daimi cəhdlər etməliyik".

Qeyd edək ki, M.Vizerin açıq tənqidi iradlarına etiraz əlaməti olaraq, Beynəlxalq Oxatma Federasiyası, Beynəlxalq Atletika Federasiyaları Assosiasiyası və Beynəlxalq İdman Atıcılığı Federasiyası "SportAkkord"un tərkibindən çıxıb. Daha 15 federasiya isə onun fikirləri ilə razılaşmadıqlarını əks etdirən məktubu imzalayıblar. 

Son xəbərlər

Orphus sistemi