SMG: "Bakı Marafonu - 2017"də iştirak üçün xarici ölkələrdən 600-dək müraciət almışıq" - MÜSAHİBƏ

SMG: "Bakı Marafonu - 2017"də iştirak üçün xarici ölkələrdən 600-dək müraciət almışıq" - MÜSAHİBƏ "Rafael Ağayevlə Rəşad Sadıqovun iştirakından məmnun olardım"
Fərdi
21 Fevral , 2017 17:12
SMG: Bakı Marafonu - 2017də iştirak üçün xarici ölkələrdən 600-dək müraciət almışıq  - MÜSAHİBƏ

Bakı. 21 fevral. REPORT.AZ/ Bu il aprelin 30-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə ikinci dəfə keçiriləcək “Bakı Marafonu - 2017” layihəsinin icraçısı “Sport Marketing Group” (SMG) şirkətinin baş direktoru Ayaz Əhmədovun "Report"a müsahibəsi

- İkinci dəfə təşkil ediləcək marafonda hansı yeniliklər olacaq?

- Marafonla bağlı proqramlarımız var. Bunlardan birini gerçəkləşdirmişik. Həftəlik seminarlar təşkil edirik. Ötən il cəmi 3 həftə vaxtımız olduğu üçün bəzi işləri görə bilmədik. Lakin indi “Bakı Marafonu - 2017”nin rəsmi saytına ətraflı məlumatlar yerləşdirilib, "Facebook" səhifəsində davamlı olaraq görülən tədbirlərlə əlaqədar xəbərlər paylaşılır. Ötən illə müqayisədə, indi daha çox tərəfdaş var. Məsələn, "Coca Cola", "Go Sport"la əməkdaşlıq edirik. Həmçinin tərəfdaşlarımız arasında SOCAR və "Turkish Airlines" kimi brendlər də yer alıb.

- Qaliblərin mükafatlandırılması ilə əlaqədar dəyişikliklər nəzərdə tutulubmu?

- Ötən il 6 qalibimiz vardı - 3 kişi, 3 qadın. Bu il isə ümumilkdə 20 qalib olacaq. Yəni 10 kişi və 10 qadın qalibə fərqli hədiyyələr veriləcək. İlk marafonda olduğu kimi, ilk 3 yerin sahibləri pul mükafatı, 4-6-cı yerləri tutanlar "Turkish Airlines"dən bilətlər qazanacaqlar. Finişə 7-10-cu yerlərdə çatanlar isə digər sponsorlardan hədiyyələr əldə edəcəklər.

- Pul mükafatının məbləği nə qədər olacaq?

- Mükafatın məbləği eynidir: 1-ci yer 3000 manat, 2-ci yer 2000 manat, 3-cü yer 1000 manat. Bu, həm kişilərə, həm də qadınlara şamil olunur. Bu, sosial layihədir, istənilən şəxs iştirak edə bilər. Marafon iştirakçıları Bayraq Meydanından Bakı Olimpiya Stadionunadək qaçacaqlar. Yürüş boyu fan-zonalar olacaq.

                                                                                                        Bakı Marafonu - 2016”


- Yeni marafonda tanınmış şəxslərdən kimlərə dəvət göndərəcəksiniz?

- Olimpiya mükafatçılarımızın, futbolçuların, şou-biznes nümayəndələrinin marafona qatılacağını gözləyirik. Çünki ötən il də belə şəxslər iştirak etmişdilər. Bu il özümüz də dəvət göndərəcəyik. Lakin indidən konkret adlar söyləyə bilmərəm.

- Kimləri marafonda şəxsən görmək istərdiniz?

- Ötən il gələnlərin hər birini təkrar görmək istərdim. Məsələn, futbol üzrə Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqovun iştirakından məmnun olardım. Eləcə də, karateçimiz Rafael Ağayevi də görmək xoş olardı. Bu cür əfsanəvi idmançılarımızın marafona qatılmaları o deməkdir ki, marafona onların pərəstişkarları da gələcəklər.

- “Bakı Marafonu - 2017”də iştirakla bağlı xarici ölkələrdən müraciətlər almısınızmı?

- Əlbəttə, müraciətlər çoxdur. Almaniya, İngiltərə, Türkiyə, Rusiya, Qazaxıstan kimi xarici ölkələrdən ümumilikdə 600-ə yaxın müraciət almışıq.

- Gələcəkdə marafonun beynəlxalq status alması mümkündürmü?

- Bunu planlaşdırırıq. Sadəcə, beynəlxalq status almaq üçün yarışı ardıcıl 3 il keçirməliyik. Yalnız bundan sonra müraciət edə bilərik. Bu marafon ölkəmizin təbliğatı üçün də çox uğurlu layihədir. Çünki xarici ölkələrdən də buna kifayət qədər maraq var.

Son xəbərlər

Orphus sistemi